Çox vaxt elə olur ki, işə getmək üçün hər gün səhər saat 6-da durmalı oluruq və işimizdən zövq ala bilmirik. Analitiklərin fikrincə, əgər çox pul qazanmaq istəyirsinizsə, yalnız sevdiyiniz işlə məşğul olmalısınız. Məhz buna görə də insanların əksəriyyəti evdən işləmək arzusunda yaşayır. Bəs elə iş haradan tapmaq olar? Əlbəttə ki, ilk növbədə İnternetdə. Müasir dövrdə demək olar ki, hər bir insanın İnternetə çıxışı var və o, asanlıqla orada iş tapa bilər. Sizcə evdən işləyərək pul qazanmaq olarmı?

Özəlliklər

“Freelance” – ev şəraitində işdir. Sifarişçi və icraçı yalnız bu formatda işləyərək, heç görüşməyə də bilərlər. Heç ehtiyac da yaranmır axı: işlə bağlı olan bütün suallar forumlar, birjalar və ya Skype vasitəsilə müzakirə olunur.

“Freelancer” – sifarişçinin verdiyi tapşırıqları yerinə yetirən insandır. Onlar vasitəsilə, o, qazanc əldə edir. Lakin bunu da qeyd etmək lazımdır ki, bu halda sosial və vergi ödəmələri icraçının məsuliyyətidir.

Yaxşı “freelancer” – ali təhsil almış və özünü peşəkar mütəxəssis kimi qələmə verən şəxs deyil. Əsl təcrübə təkbaşına əldə olunur, bunun üçün darıxdırıcı ofislərdə oturmağa ehtiyac yoxdur. Belə ki, ofisdə yaradıcılığın yeri yoxdur, burada sən yalnız verilən tapşırıqları yerinə yetirirsən.

Nəzərinizdə saxlayın! Evdən işləyən insandan heç kim və heç vaxt diplom tələb etmir, çünki sifarişçiyə lazım olan bu deyil. Sifarişçi istəyir ki, insan öz işini məsuliyyətlə yerinə yetirsin. Bəzən insanlar ofisi tərk edib “freelance” işə keçməyə cəhd edə bilmirlər, qorxurlar. Bəli, burada da müəyyən çətinliklər var. İlk növbədə nəzərə almalısınız ki, evdən işlədiyiniz halda sifarişləri özünüz axtarmalı olacaqsınız. Lakin bütün bunlara baxmayaraq, bu addımı atmış şəxslər adətən etdikləri seçimdən çox məmnun olurlar və bir daha ofisə qayıtmaq istəmirlər. Onların əmək haqqı və asudə vaxtı daim artır.

Gündəlik qrafik

Gününüzə necə başlayırsınız: diş fırçası, kofe və ya başqa nə isə? Bu cavabların hamısı yanlışdır, çünki gününüzə düşməninizlə başlayırsınız – zəngli saatla. O, sizi oyadır, hərəkət etməyə sövq edir və tələsdirir. “Freelance” işləsəniz, bu işgəncədən qurtulmuş olacaqsınız. Eyni zamanda tələsə-tələsə işə getmək, rəhbərin mühazirələrini dinləmək, iş yoldaşlarınızla mübahisə etmək və s. bu kimi xoşagəlməz hallardan azad olacaqsınız.

Evdən işləməyin üstünlükləri:

– Artıq “zəngli saat” söz birləşməsi sizin üçün mövcud deyil

– Evdən işləyə bilərsiniz

– Fərdi sahibkarlıq və digər sənədləri hazırlamaq tələb olunmur

– İstədiyiniz an ailənizə, dostlarınıza və ya hobbinizə vaxt ayıra bilərsiniz

– Əmək haqqı daha yüksəkdir

– Diplom almadan ixtisası dəyişmək imkanı

“Freelance” – eyni işdir, sadəcə ofisdə deyil, hal-hazırda olduğunuz yerdə. Bu, Maldiv adaları, bağ eviniz, şəhərin çimərliyi və ya digər bir yer ola bilər. “Freelancer” – rəhbərindən asılı olmayan azad insandır. O, özü özünə işləyir və istədiyi vaxt istirahət edir.

Peşə seçimi

“Freelancer” kim ola bilər:

– Kopirayter, jurnalist

– Proqramçı, oyun və sayt tərtibatçısı

– Dizayner, tətbiq və banner tərtibatçısı

– Tərcüməçi, hüquqşünas

– Rejissor, operator, ssenarist

– Məşğələ müəllimi, kouç, məşqçi

Risklər

“Freelance” stabil iş deyil, çünki hər bir şey yalnız sizdən asılıdır. Burada oklad yoxdur, siz hər zaman yeni sifarişçi axtarışında olmalısınız. Yaxşı olar ki, uzunmüddətli əməkdaşlıq qurasınız işlədiyiniz insanlarla, bu halda gəliriniz daimi olacaqdır.

Nəzərinizdə olsun! Daimi müştəriləri motivasiya edin. Bu və ya digər xidmətin göstərilməsinə endirimlər təklif edin, profilinizi düzgün tərtib edin. Riskləri nəzərə alaraq, sifarişi yalnız ilkin ödənişlə yerinə yetirməyə razılaşın.

Ümumiyyətlə, rəqabəti udmaq o qədər də çətin deyil, sadəcə müəyyən psixoloji nüansları nəzərə almağınız gərəkdir. “Freelance” resursda düzgün qeydiyyat və profilin gözəl tərtibatı – uğurunuzun 50%-dir.

Çalışın üzərinizə götürdüyünüz hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirəsiniz. Lakin, portfolio və iş təcrübəsi kifayət deyil. Siz sifarişçiləri cəlb etməyi bacarmalısınız.

Yeni müştərini necə cəlb etmək olar

Müştəri ilə ünsiyyət qurduğunuz zaman aşağıdakı qaydalara riayət edin:

İstənilən bir vəziyyətdə nəzakətli olmalısınız
Dialoq başlanğıcında ödəniş məsələsinə toxunmayın
Rəqiblərdən üstün olduğunuzu sübut edin
“Mən çalışaram” və digər bu kimi ifadələrdən istifadə etməyin
Başlanğıcda hər şey sizin üçün çox çətin görünə bilər. Bu, normaldır. Müştərilərin bir hissəsi sizdən ehtiyat edə bilərlər, çünki nə iş təcrübəsinə, nə də portfolio-ya malik deyilsiniz. Bu da tamamilə normaldır. Çalışın bir nöqtədə dayanmayasınız, daim irəliliyə doğru hərəkət edin.

Yerinə yetirdiyiniz işin müqabilində pul almağa utanmayın. Bəzən müştərilər daha az xərc çəkərək, daha yüksək keyfiyyət əldə etmək istəyirlər. Belə müştərilərə fikir verməyin. Ola bilər ki, ilk aylarda qazancınız o qədər də çox olmasın, lakin artıq 2-3 aydan sonra vəziyyət daha yaxşı olacaq!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...