Dünyada hər il 100 minlərlə insan zəlzələ nəticəsində dünyasını dəyişir. Dəhşətli zəlzələrin əksəriyyəti isə barmaqla sayıla biləcək qədər ölkənin payına düşür. Zəlzələ üçün dünyanın ən riskli sayılan bölgələri isə aşağıdakılardır.
İstanbul, Türkiyə
17 avqust 1999-cu il tarixində baş verən zəlzələdə 18 min adam ölmüş və yüz minlərlə insan evsiz qalmışdı. Afrika və Avrasiya tektonik təbəqələrinin üzərində yerləşən İstanbulda baş verəcək bir zəlzələ təxminən 55 min adamın həyatına son qoya bilər.
Tokio, Yaponiya
Zəlzələlərin ən çox baş verdiyi şəhərlərdən biri də Yaponiyanın paytaxtıdır. Şəhər 1703, 1782, 1812, 1855 və 1923-cü illərdəki güclü zəlzələlərlə sarsılıb. 1923-cü ildə baş verən rixter cədvəli üzrə 8,2 ballıq zəlzələ 140 min adamın ölümünə gətirib çıxarmışdı. Tokioda 6 ballıq yeni bir zəlzələ 9 min adamın həyatı bahasına başa gələ bilər. Dünyanın ən böyük zəlzələ riski daşıyan şəhəri Tokioda 12 milyon insan yaşayır.
Mexiko, Meksika
Ən son 2001-ci ildə zəlzələ görən Mexikoda 2,2 milyon adam yaşayır. Mexikoda baş verəcək 6 ballıq zəlzələ 11500 adamı öldürə bilər.
Cakarta, İndoneziya
Cakartada baş verəcək 6 ballıq bir zəlzələ 11 min adamın ölümünə yol aça bilər. Şəhərdə 18,4 milyon adam yaşayır. Şəhər əhalisinin 2025-ci ildə 24 milyona çatması gözlənilir.
San Salvador, Salvador
1854, 1917 və 2001-ci illərdə böyük zəlzələlər görən şəhərdə baş verəcək 6 ballıq yeni bir yeraltı təkan 11500 adamın həyatına son qoya bilər. İki milyondan artıq insanın yaşadığı ölkə paytaxtı San Salvador eyni adlı vulkanın yaxınlığında salınıb.
Daşkənd, Özbəkistan
Təxminən 3 milyon insanın yaşadığı Özbəkistanın paytaxtı Daşkənddə 1966-cı ildə 300 min adamın evsiz qalması ilə nəticələnən zəlzələ baş verib. Şəhərdə baş verə biləcək 6 ballıq bir zəlzələ 2500 adamın ölümünə səbəb ola bilər.
Kobe, Yaponiya
Təxminən 1,5 milyon əhalisi olan Yaponiyanın ən böyük dördüncü şəhəri Kobedə 6 ballıq zəlzələ 300 adamın həyatına son qoya bilər. Şəhər zəlzələ üçün ən riskli 20 şəhər siyahısında sonuncu yerdədir.
Bandunq, İndoneziya
Təxminən 8 milyon adamın yaşadığı şəhərdə 6 ballıq zəlzələ 3600 adamın ölümünə yol aça bilər. İndoneziyanın ən böyük dördüncü şəhəri olan Bandunq dəniz səviyyəsindən 768 metr hündürlükdə yerləşir.
İslamabad, Pakistan
Qərb ilə Şərq memarlıq üslublarının birləşdiyi Pakistanın paytaxtında baş verəcək 6 ballıq zəlzələ nəticəsində ehtimal olunan ölü sayı 12500 nəfərdir. Şəhərin bir milyon əhalisi var.
İzmir, Türkiyə
Afrika və Avrasiya tektonik təbəqələrinin birləşdiyi yerdə yerləşən və Türkiyənin ən böyük üçüncü şəhəri olan İzmirdə baş verəcək 6 ballıq bir zəlzələdə 11500 adam həyatını itirə bilər.
Mumbay, Hindistan
Təxminən 14 milyon insanın yaşadığı şəhərdə baş verəcək 6 ballıq zəlzələdə 8 min adam həyatını itirə bilər. Mumbay dünyanın ən böyük üçüncü şəhəridir.
Santyaqo, Çili
Dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşən Latın Amerikasının ən müasir ölkələrindən biri olan Çilinin paytaxtı Santyaqoda 7,2 milyon insan yaşayır. Şəhərdə baş verəcək 6 ballıq bir zəlzələ 2700 adamın ölümü ilə nəticələnə bilər.
Dehli, Hindistan
Hindistanın paytaxtı Dehlidə təxminən 14 milyon insan yaşayır. Hindistanın ən böyük ikinci şəhərində 6 ballıq bir zəlzələ 38 min insanın həyatını itirməsinə səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB