Apple-in səhmləri bahalaşıb

Apple şirkətinın səhmlərinin qiyməti şirkətin tarixində ilk dəfə olaraq 300 dolları keçib. SİA-nın məlumatına görə, dünən Nasdaq birjasında şirkətin bir səhmi 301,96 dollara satılıb.

Xatırladaq ki, Apple şirkətinin qiymətli kağızları 1980-ci illərin əvvəllərindən başlayaraq birjada satışa çıxarılıb. Bu 30 il ərzində şirkətin səhmləri səkkiz min faizdən çox bahalaşıb.

Qeyd edək ki, səhmlərin qiymətində yüksək artım tempi son beş ildə müşahidə edilir. 2009-cu ilin noyabr ayında Apple-ın bir səhminin qiyməti şirkətin tarixində ilk dəfə olaraq 200 dollar təşkil edib.

Ekspertlərin fikrincə hazırda Apple şirkətinin ümumi kapitalizasiyası 275 milyard dollardır. Müqayisə üçün qeyd edək ki, Intel və Microsoft şirkətləri müvafiq olaraq 177 milyard dollar və 217 milyard dollar dəyərində qiymətləndirilirlər.

Mütəxəssislər Apple şirkətinin uğurlarını əsasən iPod, iPhone və iPad kimi məhsulların istehsalı ilə əlaqələndirirlər. Hazırda Apple rüb ərzində ən azı səkkiz milyon iPhone satır.

Bütün xəbərlər Facebook səhifəmizdə