ABŞ-da nəhəng şirkətlər siyasətçilərə nə qədər pul xərcləyir?

ABŞ-da nəhəng şirkətlər siyasətçilərə nə qədər pul xərcləyir?

Siyasətçilərlə münasibətlərini yaxşılaşdırmaq istəyən nəhəng şirkətlər lobbiçilik fəaliyyətinə böyük pullar yatırır. SİA-nın "La Tribune" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-da siyasətçiləri ən çox bank sahəsində fəaliyyət göstərən şirkətlərin maliyyə ilə təmin etdiyi müəyyən olunub.

ABŞ-da lobbiçilik fəaliyyətinə 1989-cu ildən bu yana ən çox pulu telefon və teleqraf şirkəti olan "AT&T"nin xərclədiyi məlum olub. Ölkənin ən böyük sabit telefon və ən böyük ikinci mobil telefon operatoru olan şirkət son 20 ildə lobbiçilik fəaliyyəti üçün 45 milyon dollar xərcləyib. Qəzetin internet səhifəsində yayımlanan siyahıda "AT&T"yi, son 20 ildə lobbiçiliyə 36,7 milyon dollar ayıran "Goldman Sachs" izləyir. Bankçılıq nəhəngi "Goldman Sachsın" hədiyyələri xüsusilə son illərdə artıb. Şirkətin hədiyyələrindən ən çox Demokrat Partiyasının üzvləri faydalanıb.

Siyahıda üçüncü yerdə "Citigroup" durur. Bank şirkəti olan "Citigroup" 1989-cu ildən bu yana siyasətçilərə 27 milyon dollarlıq hədiyyə verib. Şirkət hədiyyə verərkən Demokrat və Respublikaçılar partiyaları arasında ayrı-seçkilik etməyib. Mərkəzi Nyu-Yorkda yerləşən bank 2008-ci il seçkilərində siyasətçilərə təxminən 5 milyon dollar xərcləyib. Ancaq bu ilin maliyyə vəziyyəti bankın daha xəsis olmasına səbəb olub.

"Citigroup"u son 20 ildə siyasi sahədə 24,9 milyon dollar xərcləyən "UPS" izləyir. Nəqliyyat və yük xidmətləri ilə məşğul olan şirkət daha çox Respublikaçılar Partiyasının namizədlərinə pul xərcləyir. Siyahının beşinci yerində olan "Altria" 1989-cu ildən bu yana lobbiçilik üçün 24 milyon dollar xərcləyib. Dünyanın ən böyük siqaret istehsalçısı hər seçkiyə təxminən 3 milyon dollar sərf edib və bu pulun daha çox hissəsi Respublikaçılar Partiyasının namizədlərinin maliyyələşməsinə kömək olub.

Dünyanın ən böyük proqram şirkəti "Microsoft" isə siyahının altıncı yerindədir. Şirkət lobbiçilik fəaliyyətinə 1998-ci ildən başlayıb. Həmin tarixdən indiyə kimi şirkət Demokrat Partiyasının namizədlərinə təxminən 21 milyon dollar xərcləyib.

Daha sonrakı yeri isə "JP Morgan Chase" tutur və bu şirkət son 20 ildə Respublikaçılar Partiyasından olan siyasətçilərə 20,3 milyon dollar verib. ABŞ-ın ən böyük banklarından "JP Morgan Chase" daha çox ABŞ Senatındakı bankçılıq komissiyanının Respublikaçılar Partiyasından olan sədri Riçard Şelbiyə maliyyə yardımı edib.

Səkkizinci yerdə olan media qrupu "Time Warner" Demokrat Partiyasından olan namizədlərə 20 milyon dollarlıq hədiyyə edib. "Time Warner"i ABŞ-ın ən böyük banklarından "Morgan Stanley" izləyir. Bankçılıq qrupu son 20 ildə siyasətçilərə 19,8 milyon dollar xərcləyib. Şirkət keçən il Demokrat Partiyasının Senatdakı lideri Harri Reidə 3 milyon dollar verib.

Siyahının onuncu yerindəki "Lockheed Martın" isə ABŞ-lı siyasətçilərə 1989-cu ildən bu yana 9,3 milyon dollar xərcləyib. Siyahıda müdafiə sənayesində fəaliyyət göstərən yeganə şirkət olan "Lockheed Martın"ın lobbiçilik fəaliyyətlərinə etdiyi xərcləmələrin artacağı proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə