Apple yeni məhsullarını təqdim edib

Apple yeni məhsullarını təqdim edib

Apple şirkəti məhsullarının yeni versiyalarının təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, Şirkət yeni iPod shuffle, iPod nano və iPod touch modellərini buraxmaqla iPod istehsalat xəttini yeniləyib. Həmçinin Apple tərəfindən Ping adlı sosial şəbəkə istifadəyə verilib, eləcə də iTunes internet mağazasının yenilənmiş versiyası və yeni nəsil Apple TV telequrğuları nümayiş etdirilib.

Yenilənmiş sensor imkanları, eləcə də daha iri həcmli akkumulyatorlarla təchiz edilən sözügedən iPod modellərinin qiymətləri əvvəlki versiyalara nisbətən endirilib. Belə ki, pleyerlərin ən ucuzunun qiyməti 49 ABŞ dolları, ən bahalı 64 QB həcmli iPod touch modelinin qiyməti isə 399 ABŞ dolları təşkil edir.

Təqdimat mərasimini aparan Apple-in əvəzedilməz baş icraçı direktoru Stiv Cobs həmçinin iTunes əlavəsinin yeni, onuncu versiyasını da təqdim edib. Burada "hibrid baxılma" rejimi əlavə olunub ki, bu funksiya çərçivəsində musiqi albomları və mahnıların siyahıları ekrana çıxarılır.

Lakin bütün bunlarla yanaşı ən əhəmiyyətli yenilik Ping – musiqi həvəskarları üçün nəzərdə tutulmuş sosial şəbəkə olub. Ping-dən 23 ölkədən iTunes əlavəsinin 160 milyon istifadəçisi yararlana bilər. Şəbəkədə dostlar siyahısı yaratmaq, onların iTunes-də aldıqları məhsullar barədə məlumat əldə etmək, fikir mübadiləsi aparmaq, eləcə də yaxın gələcəkdə nəzərdə tutulan konsert proqramları haqqında məlumat almaq olar.

Tədbirin sonunda Apple TV rəqəmli telequrğusunun yeni modeli nümayiş etdirilib. Modeldən sərt diskin çıxarıldığına görə Apple TV-nin ölçüləri təxminən üç dəfə azalıb və indi bu qurğu ovuc içinə yerləşir. Yeni model audio/video/foto məlumatların böyük televizor ekranlarına ötürülməsi üçün WiFi, Ethernet, HDMI və USB portları ilə təchiz edilib. Yeni Apple TV-nin qiyməti 99 dollar olacaq.

ABŞ-da yeni iPod modellərinin satışı gələn həftə, Apple TV-nin satışı isə bir aydan sonra başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə