İnsanın yaddaşı dişlərinin sağlamlıq durumundan və sayından asılıdır. Dişlər töküldükcə, yaddaş zəifləyir. Yaşı 60-dan yuxarı olan 3 mindən çox könüllü üzərində tədqiqat aparan Britaniya alimləri bu qənaətə gəliblər. Onlar eksperiment iştirakçılarından bir neçə test yerinə yetirməyi xahiş ediblər. Məqsəd könüllülərin informasiyanı nə dərəcədə yaxşı yadda saxladıqlarını müəyyən etmək olub.
Sınaqlar başa çatandan sonra mütəxəssislər hər bir pensiyaçı barədə əldə etdikləri məlumatı onun dişlərinin sayı ilə tutuşdurublar. Məlum olub ki, dişlərinin sayı az olan adamın yaddaşı zəifdir. Heç olmazsa, bir-iki dişi olan adam ilə müqayisədə dişləri tamamilə tökülmüş adamın yaddaşı orta hesabla 10 faiz zəifdir. Belə asılılıq hərəkət sürətində də müşahidə edilib. Maraqlıdır ki, bu əlaqə 60-74 yaşlı insanlar arasında daha qabarıq nəzərə çarpır. İnsan yaşa dolduqca yaşla əlaqədar yaddaşı pisləşir. Odur ki, bu zaman artıq heç bir asılılıq müşahidə olunmur. Alimlər yaddaşın pisləşməsinə yol açan mənfi amillərin çoxunu nəzərə alıblar. Bunlar siqaret çəkmək, sağlamlıq durumu ilə bağlı problemlər, alkoqollu içkilərə aludəçilik, sosial durumun pis vəziyyətdə olması və s. səbəblərdir. Lakin hətta bütün bunları nəzərə aldıqdan sonra da dişləri tökülmüş insanların yaddaşı xeyli zəif olub.
Bu araşdırma gələcəkdə ahılların yaddaşla bağlı bir çox problemlərini həll etməyə kömək göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB