Tezliklə insanlar işə, istirahətə və qohumlarını ziyarətə uçan avtomobilləri ilə gedə biləcəklər. Uzun zamandan bəri arzu olaraq qalan və üzərində yetərincə təcrübə sınaqlarının keçirildiyi bu ideya yaxın illərdə bir slovak şirkəti tərəfindən reallaşdırılacaq.
Vyanada Slovakiyanın "AeroMobil" şirkəti tərəfindən hazırlanmış "Aeromobil 3.0" uçan avtomobilinin dünya premyerası keçirilib. Cəmi 400 kiloqram ağırlığında olan aeromobil dayanmadan 700 kilometrədək məsafəni qət edə bilir. Minik vasitəsi həm avtomobil yollarında hərəkət, həm də havada uçuş üçün nəzərdə tutulub.
Aeromobilin ixtiraçısı Yuraj Vaçulik prototipin təqdimatı zamanı bildirib ki, üzərində 30 il əmək sərf olunan yeni nəqliyyat vasitəsi insanların mobilliyinin forma və tərzini tamamilə dəyişməyə xidmət edəcək. Bu aeromobilin Hollivud filmlərindəki xəyali uçuş vasitələri ilə heç bir əlaqəsi olmadığını vurğulayan ixtiraçı minik vasitəsinin müştərilər üçün sərfəli və səmərəli olacağını vurğulayıb.
Təqdim olunan aeromobil saatda maksimum 200 kilometr sürətlə uça bilir və bu zaman 15 litr normal benzin sərf edir. Minik vasitəsinin havaya qalxması üçün isə cəmi 200 metrlik açıq sahə kifayət edir.
Yaxın aylarda aeromobil üzərində testlər davam etdiriləcək və onun hava və avtomobil nəqliyyatı üçün lisenziyalaşdırılması prosesi aparılacaq. Bütün bu proseslər uğurla başa çatarsa, aeromobilin ilk nümunələri artıq 2016-cı ildən satışa çıxarılacaq. /AzərTAc/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB