Bunu bilirdinizmi? Maraqlı iddia

"Əgər dünyadakı bütün qarışqaları toplasaq onların ağırlığı bütün insanların ağırlığına bərabər olacaq". Bu fikri "BBC-4" kanalında yayımlanan təbiət və heyvanlar aləmi üzrə proqramın aparıcısı Kris Pekham iddia edib.

Əslində isə, bu müddəanın mənşəyi 1994-cü ildə Harvard universitetinin professoru Edvard O Vilson və alman bioloqu Bert Hoeldobler tərəfindən yazılan kitabda yer alır. Müəlliflər öz ehtimallarını bu fikri onlardan əvvəl irəli sürən Britaniya entomoloqu C.B.Uilyamsdan əxz ediblər.

Kitab müəlliflərinin müddəasına görə, orta hesabla bir insanın çəkisi bir milyon qarışqanın çəkisinə bərabərdir. Alimlərin iddiasından bu nəticəyə gəlmək olur ki, əgər insanın çəkisini orta hesabla 62 kiloqram hesab etsək bir qarışqanın çəkisi 62 milliqram olmalıdır. Halbuki, bu çəkiyə malik çox az sayda qarışqa növü mövcuddur.

Bu fikirlərə münasibət bildirən bəzi ekspertlər qeyd olunan iddianın və hesablamaların reallığa uyğun olmadığını qeyd ediblər. Onların fikrincə bu rəqəmlər barədə dəqiq mülahizə irəli sürmək mümkün deyil. Hətta, Uilson və Hoeldoblerin hesablamaları da səhvdir. Çünki, yer kürəsinin 7.2 milyardlıq əhalisinin ümumi çəkisi 450 milyard kiloqrama bərabərdir. Əgər, Uilson və Hoeldoblerin qarışqaların sayı barədəki nəzərini və bir qarışqanın orta hesabla 4 milliqram olmasını nəzərə alsaq, bu halda bütün qarışqaların ümumi çəkisi 40 milyard kiloqramdan çox olmayacaq. Bu da insan kütləsindən azı 10 dəfə azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə