Ağlamaq həqiqəti danışıb qurtulmaq kimidir

Ağlamaq həqiqəti danışıb qurtulmaq kimidir

Ağlamağın insan səhhətinə böyük təsiri var. SİA-nın məlumatına görə, bu barədə xarici mətbuatda mütəxəssislərin fikirləri dərc olunub. Bildirilir ki, insanların sevincdən, yaxud kədərdən ağlamağında kişi və ya qadın olmağı rol oynamır. Bəzən kişilər "kişi ağlamaz"- deyərək, özlərini ağlamaqdan saxlayırlar. Bu isə sağlamlıq üçün ziyandır. Mütəxəssislər bildirirlər ki, ağlamaq insan bədənində endorfinin ifraz olunmasına səbəb olur. Endorfin insana sevinc verən bir hormondur. Bu, xoşbəxtlik hormonlarından biridir. Bundan əlavə, bu hormon ağrıları azaldır. Deməli insan həm sevinəndə, həm də kədərlənəndə bu hormonların ifraz olunması lazımdır.

Məsələn, psixoloqlar insanların uşaqlıq illərini, dərdlərini, fikirlərində olan problemləri danışmağını istəyirlər. Bu vasitə ilə həm həkim xəstəni tanıyır, həm də danışdıqca insan rahatlaşır. Ancaq daima düşüncələrdə saxlanılan, danışılmayan, bölüşülməyən problemlər sonralar partlayaraq psixoloji problemlərə gətirib çıxardır.

Ağlamaq üzləşməkdən qaçmayıb, göz önünə gətirilən həqiqəti danışıb qurtulmaq kimidir. Ağlayan insanların ruhi sağlamlığının daha tez bərpa olunduğu bildirilir. Yaşanan sevincdən ağlamaq isə bu yöndə daha çox təsir gücünə malikdir. Ağlamaq sakitləşdirici dərman kimidir. Bu, ən təbii və ən təsiredici dərmandır. Adətən insanlar ağladıqdan sonra yatmaq istəyirlər. Çünki, ağlayandan sonra insan rahatlaşır və bədəni halsızlaşır. Bu da ətrafa və özünə zərər verə bilmənin qarşısını alır. Bundan əlavə, bədəndə olan bir çox toksinlər göz yaşları vasitəsilə xaric olurlar. Ağlamaq həm bədəndəki kimyəvi maddələrin xaric olunmasını, həm də gözlərin bakteriyalardan təmizlənməsini təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə