Dörd avqust səhəri, boğuq bir gecə,
Od saçır ətrafa asfaltlı küçə,
İşıqlı gecədə yol kənarında,
Evin 70 metr lap kandarında...
Köhnə bir stula çökübsə şair,
Polis dəyənəyi fırladıb mahir
Onun kürəyinə zərbə vurursa,
Arabir çəkilib gendə durursa,
Dərhal qovulursa yaxına gələn,
Haqlı sayılmazmı axına gələn?
Müəmma olmazmı polis həyatı?
Ona yaraşmazmı şərəfsiz adı?
Tək zərgər ayırar qızıldan misi,
Olur polisin də yaxşısı-pisi.
Yonulmamışı var, heybətlisi var,
Mərdi, yararlısı, qeybətlisi var,
Dubinka firladar namərd, sərsəri,
Şairi vurmazdı qeyrətliləri.
Polisin naqisi bizləri söyər,
İgidi düşmənin qəddini əyər.
Ərənlər önündə əyib başımı,
Baxıram namərdə çatıb qaşımı.
Rezin dəyənəyi fırladan bu fərd,
Bir qələm əhlinə verməkdədir dərd.
Ona sifarişi çuğul veribdi,
Rəzil bu sövdədən fayda görübdü.
Bizə kükrəməkdə çuğulun kini,
Düşmənə yönələr oğulun kini.
Həyatın xıltıdı, bərbaddı çuğul,
Kişi deyil, kaftar arvaddı çuğul.
Qorxur ki, şairə çatmasın əli,
Uda da bilməsin bu azman kəli.
Neçə qovğa olub, budur həqiqət
Çuğula bir uğur olmayıb qismət.
"Muzdur"un nəsibi intəhasız dib,
Eşidib şairə mənzil verilib.
Hamıya həyətdə deyir düz durun,
Gözü kəlləsinə çıxıb "muzdur"un.
Şair zirzəmidə yaşamalıdır,
Daim dərdi-qəmi daşımalıdır.
Çuğul dönməyəcək qənaətindən,
Onu it döndərməz həqiqətindən.
Onun həqiqəti bədxahlıqlar, şər,
Bunlardan əziyyət çəkibdir bəşər.
Ancaq özlərini sayırlar haqlı,
El üzü açıqdır, onlar niqablı.
Bu niqab altında çirkin sifətlər,
Hər cür bədəməllər onlara bənzər.
Onlar həqiqətin təhrifçiləri,
Sifətlər amansız, xıltdır içəri...
Dübarə qayıdaq söhbətimizə,
Çuğullar ağıl da öyrədir bizə.
Qabağına çıxan hər kəsi ütür,
Sonra da düz-yalan fikir yrüdür.
Deyir prezident verdiyi mənzil,
Gərək verilməsin şairə təhvil.
Ora yetməməli şairin əli,
Ya da o, mənzilə xəstə getməli.
Çuğulun sonuncu qənaəti bu,
Çuğulun qəlbinin həqiqəti bu.
O, dərhal çağırır qoltutanları,
Deyir aydan arı-sulardan duru
Olub, gecə-gündüz izləyin onu,
Şairin çatıbdı ömrünün sonu.
Yolunda sis-duman, çən olacağam,
Onu dayandıran mən olacağam.
Tanış polislərlə şirə dönərəm,
Onun yolu üstə tirə dönərəm.
Önündə diz çöküb iki qoltutan,
Birləşib olublar bir aranqutan.
Sonra da ləbbeyklə girişib işə,
Quyruq bulamağı etdilər peşə...
Arvad-uşağıyla baxıb evinə,
Şair qayıdırdı gulə-sevinə.
Şairi sevincək gördü qoltutan,
Nə onda, nə bunda qaldı taqət, can.
İzlədilər onu səhərə qədər,
Vaxtı itirmədi heç biri hədər.
Şair oturmuşdu səhərə yaxın
"Elay"ın yanında, diqqətlə baxın!
Nədənsə şairdə yoxdu tərpəniş,
Bu vaxt qoltutanlar gördülər bəd iş.
Qaçıb çatdırdılar "muzdur"a bunu,
İsinib açıldı "muzdur"un donu.
Polis sirdaşına salam yetirdi,
Dedi filan yerdə şair lül-tirdi.
Söylədi huşunu itirib hərif,
Sonra həmkarını eylədi tərif.
Təriflər yağdırdı dubinkasına,
Dedi onu götür şairdə sına...
Düzdü, o məqamda sökülmürdü dan,
Şair oynamırdı şirin yuxudan,
Polis də qıcardıb qəfil dişini,
Gördü cəld özünün bədnam işini.
Huşunu itirdi şair zərbədən,
Olmadı yerindən onu tərpədən...
Bunları biləndə çuğul sevindi,
Dubinka fırladan "oğul" sevindi...
Bu iyrənc səhnədən utandı "Elay",
Gizləndi buludlar arxasında ay,
Qəm-kədər içində Fəridə, Humay,
Bu qızlar qüssəni qəlbində gizlər,
Səriyyə həsrətlə ərini gözlər.
2
Rusvay edibdisə bir idarəni,
Tapdayıb bəşəri insafı, dini,
İdarə edirsə Yaşarı kini,
Döyənmi günahkar, yoxsa döyülən?
O, əsil polis yox, yulğun, çayırsa,
Gözü vurub tökər, qaşı qayırsa,
Çuğula hörməti üstün sayırsa,
Döyənmi günahkar, yoxsa döyülən?
Ona çox şirinsə sifariş pulu,
Çevrilib olubsa o, buyruq qulu,
Kim gəldi vurursa gözüyumulu,
Döyənmi günahkar, yoxsa döyülən?
Rəisi önündə robotsa qatı,
Bilsə alış-veriş bütöv həyatı,
O, tamam satıbsa mənəviyyatı,
Döyənmi günahkar, yoxsa döyülən?
Rəqibdə qorunma refleksi yoxsa,
Döyənin evini Yaradan yıxsa,
Polis rəzillikdə lap zilə çıxsa,
Döyənmi günahkar, yoxsa döyülən?
3
Rəzil, dəyənəyi bir az yavaş vur,
Kimdi gör zərbənin altında yatan?
Gəl çirkaba girmə, ondan kənar dur,
Sən bu əməlinlə bir aranqutan,
Kimdi gör zərbənin altında yatan?
Pis-yaxşı ziyalı, qələm əhlidi,
Söz deyib qəhrəman Mübariz haqda,
Zərbənin altında bir qəm əhlidi,
Yavaş vur, insandı, o, deyil taxta,
Söz deyib qəhrəman Mübariz haqda.
Əmri icra etmə gözüyumulu,
Eylə bir insafa-mürvətə meyil.
Olma məkrli bir ibdarın qulu,
Anlaqsızı vurmaq kişilik deyil,
Eylə bir insafa-mürvətə meyil.
Namərd əməlidir arxadan vurmaq,
Kişi əl qaldırar gəlib göz-gözə.
Aşkar görünməkdə səndə qudurmaq,
Səbri bas, qançırlar çıxacaq üzə,
Kişi əl qaldırar gəlib göz-gözə.
Sənə söz deməyən adamı döydün,
Oldun əməlinlə naqis, şər oğul.
Qorxmaz kişi deyib özünü öydün,
Kimsə deməyəcək sənə ər oğul,
Oldun əməlinlə naqis, şər oğul.
4
Daim çox adına sırıdın azı,
Fələk bəxtimizə yazdı bəd yazı,
Çuğul çiyinlərə sərib atlazı,
Qoydun kürəklərə palan, a dünya!
Verdin üzümüzü daim nəmişə,
Biz də urcah olduq bivec qəmişə,
Əsil həqiqətdən qaçıb həmişə,
Bədxah fitnəsiylə dolan, a dünya!
Möhtac olmasın hər oğul qonşuya,
Noğul qismət olar noğul qonşuya,
Bizi urcah edib çuğul qonşuya,
Niyə qurdun bu cür plan, a dünya?
Möhkəm bürünmüşük ellə palaza,
Güman yoxdu yıxaq payıza, yaza?
Bizi nahaq yerə verdin güdaza,
Çuğulu eylədin klan, a dünya!
"Muzdur" doğru oldu, bizlərsə oğru,
Görmədik əməlli əsil uğuru,
Üzünü çevirib nahaqa doğru,
Yaydın haqqımızda elan, a dünya!
Bizlərə ilham ver, qanı az sümür,
Bədnamlar eyləyib çöhrəni kömür,
Pislərə verərək əbədi ömür,
Yaxşıdan canları alan, a dünya!
Üzdü cismimizi müdhiş əmmalar,
Sonsuz ənginliyə cumdu səmalar,
Quyruğu dik tutan çuğul simalar,
Etdi ömrümüzü nalan, a dünya!
Fırlandı xəlbirin, ələndi ələk,
Qatlandı nədənsə düz deyən bilək,
Kin-küdurət yağan hər naqis dilək,
Etdi can mülkünü talan, a dünya!
Kəsdi qarşımızı təpələr, diklər,
Üzə pərdə çəkdi neçə pas-çirklər,
Çuğullar fəth etdi sonsuz üfüqlər,
Çıxdı önümüzə dalan, a dünya!
Əlçatmaz istəklər bizi məhv elər...
Bizlərə ölüvay cansız lövhələr,
Bədxaha ərməğan eylə tövhələr,
Dola boynumuza ilan, a dünya!
Heç də xeyrimizə olmadı nisbət,
Abır-həya qaldı bizdə, bir ismət,
Daim əks-tərəfə qaçmaqda qismət,
Bizi çuğlamaqda yalan, a dünya.
Valeh Məhərrəmli
13-14 avqust 2013-cü il
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB