Los-Ancelesin Kaliforniya Universitetinin tədqiqatçıları istənilən şüşə səthini günəş batareyasına çevirə bilən polimer plyonka hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlərin icad etdiyi şəffaf polimer plyonka günəş işığını elektrik enerjisinə çevirən 2 qatdan ibarətdir. Plyonkadan günəş batareyası kimi istifadə etmək üçün onu istənilən şüşənin üzərinə yapışdırmaq kifayət edir.
Mütəxəssislərin qeyd etdiyinə görə, ikiqat plyonka öz içindən ötüb keçən infraqırmızı şüaların 80 faizini, eləcə də tərkibində xüsusi həssas polimerin olması sayəsində görünən işığın bir qismini toplaya bilir.
Tədqiqatçılar hazırlanan məhsulun gələcəkdə mobil telefon və kompüter istehsalında istifadəsinin mümkünlüyünü istisna etmirlər. Belə ki, plyonkanı mobil telefonun ekranına da yapışdırmaq olar ki, bu da böyükölçülü ekrana malik smartfon və planşetlərin işləməsindəki vaxt məhdudiyyəti problemini həll etməyə və gələcək qurğuları daha enerjiyə qənaətcil etməyə imkan verə bilər. Kaliforniya Universitetinin mütəxəssisləri ilə yanaşı, analoji işlərlə Massaçusets Texnoloji İnstitutunun əməkdaşlarının çalışdığı "Ubiquitous Energy" şirkəti də məşğuldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB