Kimin əvvəli, kimin axırı

61 yaşlı Mehmet İdiçin Türkiyənin Mersin şəhərindəki ibrətlik həyat hekayəsi eşidənləri düşünməyə vadar edir

Bir vaxtlar İbrahim Tatlısəs, Müslüm Gürsəs, Fərdi Tayfur və Kibariyə kimi məşhur müğənnilərlə eyni səhnəni paylaşan zərb musiqi alət ifaçısı Mehmet İdiç indi səfil həyat tərzi sürür. 61 yaşlı Mehmet İdiçin Türkiyənin Mersin şəhərindəki ibrətlik həyat hekayəsi eşidənləri düşünməyə vadar edir.

Mehmet İdiç dövrünün ən usta ifaçılarından sayılırdı. Amma həyatında baş verən hadisələr onun səfalətə düşməsinə səbəb olub. Düz on beş il əvvəl bədəninin sol tərəfi tamamilə iflic olan qardaşı Əhməd İdiçə baxmaq məcburiyyətində qalan M. İdiç peşəsindən ayrılmalı olub. Nə qardaşı, nə də özü ailə qura bilir. O, bir müddət sonra dolanmaq, bir tikə yemək yeyə bilmək üçün tikintilərdə gözətçilik etməyə başlayır. Ancaq ayağını itirməsi bu işindən ayrılmasına səbəb olur. Mehmet İdiçin 3 ay əvvəl ayağında əmələ gələn yara qanqren olduğu üçün dizin altından kəsilib.

Mersində tərk edilmiş bir evdə səfalət içində yaşayan qardaşların vəziyyəti görənlərin ürəyini sızladır. Heç bir şəraiti olmayan, yağış yağanda içərisi su ilə dolan bu daxmada iki əlil insan yaşamaq uğrunda mübarizə aparır. Heç bir gedəcək yeri olmadığı üçün burada yaşamaq məcburiyyətində qaldığını deyən Mehmet İdiç qocalar evində yerləşdirilmələri üçün kömək istəyir: "Daha əvvəllər işlədiyim inşaatlarda qalırdım. Amma indi həşərat və siçovulların məskən saldığı bu daxmada öləcəyim günü gözləyirəm". Bəzən qonşular yemək bişirib gətirirlər, qarnımız doyur. Bəzən də ayağımın müalicəsinə kömək edirlər. Tək diləyim xəstə qardaşımla birlikdə bir qocalar evinə yerləşə bilməkdir. Aidiyyatı qurumlardan bu mövzuda kömək istəyirəm. Heç olmasa ömrümüzün son günlərini rahat yaşayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə