Rövşən Lənkəranskinin düşmənlərinə qarşı müharibə

Rövşən Lənkəranskinin düşmənlərinə qarşı müharibə

Türkiyə Səhiyyə Nazirliyinin Rövşən Canıyevdən xəbəri yoxdur

Rusiyanın kriminal aləmində "Rövşən Lənkəranski" kimi tanınan azərbaycanlı "oğru", 38 yaşlı Rövşən Canıyevin İstanbulda qətlə yetirilməsi ilə bağlı xəbəri Türkiyənin hüquq-mühafizə orqanları hələ təsdiqləməyiblər. Daha doğrusu, türk polisi bu olayı yalanlayır. TürkRus-a əsasən, İstanbul Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Departamenti bu gün rəsmi açıqlama yayıb.

"Azərbaycan vətəndaşı Rövşən Canıyev adlı şəxsin İstanbulda qətlə yetirilməsi ilə bağlı yayılmış iddialar yoxlandı. Bu iddialar barədə hələlik onu deyə bilərik ki, yayılan xəbərlər həqiqətə uyğun deyil", - İstanbul polisinin açıqlamasında deyilir. "Rövşən Lənkəranski"nin sui-qəsd nəticəsində ağır yaralanması və İstanbuldakı xəstəxanalardan birində keçinməsi ilə bağlı olaydan da Türkiyə Səhiyyə Nazirliyinin xəbəri yoxdur.

"Rövşən Lənkəranski"nin qardaşı Namiq Canıyev bildirib ki, qardaşı barədə yayılmış xəbərlər yalandır: "Rövşənə sui-qəsd olmayıb. O, sağdır və hazırda Dubaydadır. Onunla hər gün telefonla danışıram. Belə yalan xəbərlərin niyə yayıldığını, kim tərəfindən yayıldığını hələlik bilmirik".

PrimeCrime bildirir ki, "Rövşən Lənkəranski"nin dostlarından biri, "Donqar" ləqəbli "oğru" Əhməd Yevloyevə sui-qəsdin təfərrüatları da bəlli olub. Milli.az-ın xəbərinə görə, Yevloyev Moskva şəhərinin ətrafındakı yollardan birində olanda onun maşınına sürətlə yaxınlaşan qara rəngli "Volvo" cipində, arxa oturacaqda oturmuş şəxs pəncərəni açıb və "Kalaşnikov" avtomatından atəş açıb.

Atəş nəticəsində "Donqar" sol çiyni və ayağından yaralanıb.

Moskvada qətlə yetirilmiş "Ded Hasan" ləqəbli "oğrubaşı" Aslan Usoyanın düşmənləri isə yenidən fəallaşıblar.

2010-cu ilin sentyabrında "Ded Hasan"a uğursuz sui-qəsd cəhdinin sifarişçisi, Gürcüstan əsilli "oğrubaşı" Tariel Onianinin tabeçiliyindəki adamlara "Ded Hasan"ın dəstəsinə qarşı fəal müqavimətə, daha doğrusu, "cəza aksiyası"na başlamaları barədə əmr verdiyi bildirilir.

Oniani indi "Rövşən Lənkəranski"ni öldürmək istəyən "oğru"lara savaş açıb. Səbəb Onianinin "Rövşən Lənkəranski"yə olan səmimi dost münasibətləri deyil. Sadəcə, Gürcüstanın Txibuli bölgəsində doğulmuş "Taro" ləqəbli Tariel Oniani "Ded Hasan"ı aradan götürəndən sonra kürd Aslan Usoyanın qruplaşmasını tam zəiflətmək, "Ded Hasan"ın əlaltılarını məhv etmək istəyir.

2010-cu ilin iyulun 19-da 10 il həbs cəzası alan, İspaniya hüquq-mühafizə orqanlarının tələbi ilə 2011-ci ilin martında Madridə ekstradisiya edilən "Taro" ən yaxın adamlarına indi "Rövşən Lənkəranski"nin ən qatı düşmənlərindən biri kimi tanınan "Merab" ləqəbli "oğru" Merab Canqveladzenin dəstəsinin də Rusiyanın kriminal aləminə nəzarət edəcək "taxt"dan kənarlaşdırılmasına göstəriş verib.

"Taro" ilə "Rövşən Lənkəranski" arasında münasibətlər indiyədək həddən ziyadə gərgin olsa da, Tariel Oniani həmin anlaşılmazlıqları müvəqqəti olaraq unutmağa qərar verib.

Rosbalt bildirir ki, "Ded Hasan"ın qətlə yetirilməsində də "Taro"nun əli olduğu güman edilir və bu ehtimal gün keçdikcə, daha da artır. Çünki Moskvadakı "Starıy Faeton" restoranından çıxarkən güllələnən "Ded Hasan"ı vuran snayper "Val" avtomatından istifadə etmişdi. Səsboğucusu olan "Val"dan isə "Taro"nun kriminal imperiyasındakı killerlər yararlanırlar və bu avtomat onların "sevimli iş aləti" sayılır.

"Rövşən Lənkəranski"nin nüfuzunu tanıyan və onu "hörmətli oğru" sayan slavyan "oğru"lar da Merab Canqveladzeyə qarşı çıxmağa başlayıblar. "Qisas" kimi qələmə verilən bu əməliyyatda M.Canqveladzenin qruplaşmasına çox ağır zərbələr vurulacağı iddia edilir. Bu arada "Rövşən Lənkəranski"yə qarşı "Ded Hasan"ın adamlarının təqiblərini bəyənməyən "oğru"lardan bir neçəsi Rusiyanın Soçi şəhərində toplantı keçirmək niyyətindədirlər. Toplantıda Rusiya kriminal aləminin "xaç ata"larından biri, mərhum Alimjan Toxtaxunovun da sadiq dostları iştirak edəcəklər.

"Kriminalnaya Rossiya"nın məlumatına görə, onlar "Tayvançik" ləqəbli Toxtaxunovun məhz "Ded Hasan"ın sifarişi ilə qətlə yetirildiyindən artıq şübhə etmədiklərini deyir və qisas alınmasını tələb edirlər. Əslən yezidi kürd olmuş "Ded Hasan"ın qohumları - "Yura Lazarevski" ləqəbli Yura Usoyan, "Timur Sverdlovski" ləqəbliTemuri Mirzoyev və 2012-ci ildə "oğru" adı almış "Onik" ləqəbli Qadi Kaloyan bu toplantıya mane olmaq, habelə "Taro" ilə slavyan "oğru"ların birləşməsinə imkan verməmək üçün alternativ toplantı keçirməyə hazırlaşırlar.

MZK bildirir ki, "Rövşən Lənkəranski"yə qarşı sürəkli olaraq tənqidi münasibətlərini bildirən nüfuzlu azərbaycanlı "oğru"lar - "Vaxa" ləqəbli Baxış Əliyev və "Yuska Şəmkirski" kimi tanınan Yusif Əliyevin "Ded Hasan"ın tərəfdarları ilə əlaqələrdə olması barədə xəbərlərin də yalan olduğu vurğulanır. "Prestupnaya Rossiya" bildirir ki, "Qoca Yasamalski" ləqəbli "oğru" Əlibala Həmidova gəldikdə isə, o, Rusiyanın kriminal aləmində azərbaycanlı "oğru"ların mövqeləri ilə bağlı müzakirələr aparmaq niyyətindədir.

Rospress-in xəbərinə görə, "Rövşən Lənkəranski"nin "başına 5 milyon dollar pul qoyulması" barədə xəbərlər absurddur.

Hər halda kriminal aləmdə belə "proqon", yəni "oğru"lara və "avtoritet"lərə təcili xəbər yayılmayıb. "Rövşən Lənkəranski"nin başına pul qoyulması xəbərinin yayılmasında "Ded Hasan"ın yaxın dostu olmuş mərhum "oğru", "Timur Vanski" ləqəbli Temuri Qabuniyanın adamları şübhəli bilinirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə