Övladlarınızı bundan qoruyun! MƏSLƏHƏTLƏR

Övladlarımızı cəfəng söhbətlərdən qorumalıyıq
Övladlarınızı bundan qoruyun! MƏSLƏHƏTLƏR

Desələr ki, qiyamət filan ildə olacaq, inanmayın, yox əgər desələr ki, filan ildə olmayacaq, ona da inanmayın. Son yüzilliklərdə qiyamət mövzusu tez-tez gündəmə gəlir və bir müddət sonra yenidən səngiyir. İndi də kimlərsə yenidən söhbəti qızışdırır və hətta belə deyirlər ki, hansısa təqvimə görə, 2012-ci il, dekabrın 21-də qiyamət qopmalıdır. Adama deyən lazımdır ki, niyə gedib öz əməllərini hesaba çəkmirsən, kainatın sabahından narahat olursan? O şey ki, Allahın (c.c.) sirlərindəndir və Rəsulullah (s.ə.s.) da dəqiq bir zaman göstərməyib, sənin nəyinə lazımdır ki, onunla bağlı baş sındırırsan?

Hər dəfə qiyamət haqqında düşünəndə uca Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) bir hədisi-şərifi bütün düşüncələrimi, ovqatımı tənzimləyir: "Əgər ağac əkdiyiniz yerdə qiyamətin qopduğunu görsəniz, siz öz işinizə davam edin".

Bəli, bu gün yenə qiyamət haqqında danışılır. İnsan qiyamət haqqında düşünməkdənsə, öz əxlaqına, ədəb-ərkanına, insanlarla və Allahla münasibətinə baxsa, daha xeyirli olar. Qiyamət ssenariləri kimlər üçünsə dopinq kimi bir şeydir, yəni hamımız birlikdə ölüb gedəcəyik, vəssalam. Əslində isə ağıllı insan ölümdən sonrasını düşünər və bütün həyatı boyunca o qaçılmaz sonluq üçün hazırlanar. Çünki hər insanın ölümü elə onun qiyamətidir.

Hər bir cəmiyyətin gücü ordusunda, silah-sursatında, yeraltı-yerüstü sərvətində, valyutasında deyil, ədalətindədir, onu təşkil edən fərdlərin əxlaqında, ədəbində, bir-birinə və Allaha qarşı davranışlarındadır. Quran işığında bir daha aydın görünür ki, istər fərd olsun, istər toplum, özünü bəlaya layiq hala gətirməyincə Allah-Təala onun cəzasını vermir. Əgər qiyaməti bir cəza kimi düşünürsünüzsə, bunun ilkin səbəbini özünüzdə axtarmalısınız. Quran bildirir ki, başınıza gələn bütün yaxşı işləri Allahdan, müsibətləri isə özünüzdən bilin. Təkcə bu mesaj düşünmək üçün o qədər geniş meydan açır ki, o ənginlikdə heyrətə düşməyə bilmirsən.

Yenə 21 dekabr "qiyamət"ləri, yenə boş, mənasız, məntiqsiz fikirlər. Hələ bu barədə çox eşidəcəyik. Çalışmalıyıq ki, bu şablon ifadələr, sərsəm fikirlər övladlarımıza, ailəmizə təsir etməsin, çünki kiçikyaşlı uşaqlar daha həssas olurlar və deyilən çox şeyə inanırlar. Bu cür söhbətlər onların psixoloji durumuna təsirsiz ötüşmür. Bu mənada, ilk növbədə, övladlarımızı, ailəmizi, ətrafımızı "21 dekabrda qiyamət qopacaq" kimi sərsəm fikirlər burulğanından qorumalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə