Yayda necə qidalanmalı, nələrə diqqət yetirməli?

Yayda necə qidalanmalı, nələrə diqqət yetirməli?

Yayda sağlam qidalanmaq vacib amillərdəndir. Çünki həm temperaturun yüksəlməsi, həm də qidalanma vərdişlərindəki dəyişikliklər bir sıra fəsadlara yol aça bilər. Bu baxımdan insan səhhətində yaran biləcək yüksək təzyiq, ürək çatışmazlığı və mədə-bağırsaq sistemindəki pozuntuları göstərmək mümkündür. İsti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi və ürək bulanması kimi fəsadlar da ortaya çıxır. Əsasən azyaşlılarda ishal riski və qida zəhərlənmələri artır. Bunların qarşısını almaq üçünsə ən çox meyvə və tərəvəzlərdən istifadə tövsiyə olunur. Eyni zamanda bir sıra kalorili qidalardan uzaq durulması da məqbul sayılır.


Havaların isti keçməsi insanlarda mayeyə olan tələbatı daha da artırır. Elə bu ehtiyacı ödəmək üçün ilk növbədə ağla soyuq sular və dondurma gəlir. Bəziləri həmin qida rasionundan daha çox istifadə edir. Bu da ağır fəsadlara yol açır. Ekspertlər isə yayda düzgün qidalanmanı təmin etmək üçün ilk növbədə aşağıdakı şərtlərə əməl etməyi zəruri sayırlar.


- Gündə 3 dəfə yemək;

- Gündəlik qidalanmada 4 əsas qida qrupundan - süd və süd məhsulları, ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəzdən istifadə;

- Qidaları yaxşıca çeynəmək;

- Mayonez və qızartmalarla vidalaşmaq;

- Qida zəhərlənmələrindən qorunmaq üçün gigiyenaya fikir vermək;

- Qızardılmış və xəmir şirniyyatları əvəzinə südlü, meyvəli şirniyyatları, dondurmanı seçmək. Ancaq hər qidada olduğu kimi, bunda da miqdarına diqqət yetirmək;

- Bol göyərti və tərəvəzli yeməklərə üstünlük vermək.


Mütəxəssislər deyir ki, insanların bir qismi daha çox yayda pəhriz saxlamağa üstünlük verir. Dietoloqa müraciət etmədən də eyni qida rasionundan istifadə olunur. Bəzən ifratçılığa vararaq daha az qida qəbul olunur. Bu da immun sisteminin zəifləməsinə gətirib çıxarır.


Yay mövsümü həm də insanların ən çox əyləndiyi, tətilə getdiyi vaxtdır. İnsanlar gəzintiyə çıxır, təbiətdə manqal qalayır, dondurma yeyir, sərin sular içirlər. Amma yayda üstünlük verdiyimiz bu cür qidalar artıq çəki olaraq geri qayıdır. Türkiyəli dietoloq Berna Ertuğ yayda ən çox çəki artıran 9 qida növünü müəyyən edib. Həmin qidalara aşağıdakılar aiddir:


- Manqalda ət, yəni manqalda qızardılan sosis ən çox çəki atıran bir nömrəli qidadır;

- Sosisli sendviç - bir sendviçdə 320 kalori var. Amma bir sendviçlə doymaq çətindir;

- Kartof salatı - sadə kartof salatında 436 kalori var. Ancaq eyni miqdarda kələm salatı sadəcə 150 kalori təşkil edir;

- Buzlu içkilər - meyvələrin kaloriləri 245-490, 300-800 arasında dəyişir. Ən yaxşısı yayda ancaq su içməkdir;

- Dondurma - bir qab dondurmanın tərkibində 380 kalori və 22 qram yağ var. Ancaq şokoladlı, badamlı dondurmalarda bu rəqəm iki dəfə artır;

- Qızardılmış kartof və pendir;

- Qızardılmış toyuq salatı;

- Cipslər;

- Qızardılmış toyuq;


Bütün bunlardan əlavə yay aylarında azyaşlılar və yaşlı nəslin nümayəndələrində də iştahsızlıq halları müşahidə olunur. Bu da havaların isti keçməsi ilə əlaqədardır. Bunun qarşısını almaq üçün mütləq müxtəlif vitaminlərlə zəngin qidalardan istifadə tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə