Xaricdən kömək istəyənlər əvəzində nə verəcəklər?

Xaricdən kömək istəyənlər əvəzində nə verəcəklər?

Azərbaycanda bəzi qüvvələrin düşərgələrindən Qərb ölkələrinin rəhbərlərinə ünvanlanan yardım çağırışları səslənməkdədir. Mətbuat səhifələrində, bloqlarında açıq şəkildə bildirirlər ki, xarici ölkə səfirləri, diplomatlarla görüşlərdə məsələ qaldırırlar ki, nə üçün ərəb ölkələrində olduğu kimi Azərbaycanda da hakimiyyətin əleyhinə olan qüvvələrə kömək göstərilmir? Əvvəla bu, o deməkdir ki, sözügedən quvvələrin hakimiyyətə gəlmək üçün yetərli gücü, sosial bazası yoxdur, xalqdan kifayət qədər dəstək ala bilmirlər. Belələrindən soruşmaq lazımdır ki, əgər öz gücünüz hakimiyyəti ələ almağa kifayət etmirsə, o zaman niyə belə iddiaya düşürsünüz? Qaldıra bilmədiyiniz bir yükün altına nədən girirsiniz?

Keçək məsələnin ikinci tərəfinə və Qərbin indiyədək "kömək" göstərdiyi dövlətlərin vəziyyətinə, bu xalqların gününə baxaq. Oxucuların yəqin ki, yadına düşər, ilk "kömək" 2001-ci ildə Əfqanıstana, 2003-cü ildə isə İraqa gəldi.Əfqanıstan nə gündədir bəllidir- narkotika, terror,partlayışlar,qan, ölüm, bir sözlə "Hər gün Aşura, hər yer Kərbəla". İraq iki yerə parçalandı, neft pulları da kimin cibinə gedir bəlli deyil .Pulları dağıtmağa bəhanə qurtardığından bu yaxınlarda BMT qərar çıxartdı ki, bəs filan vaxt Küveytə hücum edib zərər vurmusunuz, ona görə də bir milyard dollar təzminat ödəməlisiniz… Dünyanın ən çox neft ehtiyatlarına malik olan ölkələrindən birində benzin çatışmır. Liviyaya göstərilən "kömək" təzə olduğundan hələ yaddaşlardan silinməyib. Bir il ərzində ölkənin ümumi daxili məhsulu 2,5 dəfə azaldı, liviyalılar ən azı 20 il geri düşdülər. Hələ, Liviya bir neçə yerə parçalanmadan yaxa qurtarsa böyuk işdir. Qərbdən Şərqə gələn "kömək" nümunələri göz qabağında olduğu halda, nədən ümid edirsiniz ki, sizlərə ediləcək köməyin nəticələri başqa cür olacaq.

Məsələnin üçüncü, daha ilginc məqamına diqqət yetirək.Azərbaycanlıların yaxşı misalları var: "Müftədən bahası yoxdur", yaxud da " Müftə yem ancaq tələdə olar". Ağlınız kəsmirmi ki, sizlərə heç bir qərbli müftə kömək göstərməyəcək. Aranızda tarixçilər də var, qoy onlar sizə desinlər ki, hələ 1917-ci ildə Almaniya çarı devirməkdə bolşeviklərə köməyin əvəzində bir il sonra Brest sülh müqaviləsi ilə xeyli torpaq aldı. Həmən Almaniya ki, dərin böhrana düçar olan müttəfiqi Yunanıstana ötən il təklif etdi ki, adalarını satıb borcunu ödəsin. Rusiya Ermənistana kömək edir, amma əvəzində ən böyük nemət olan müstəqilliyini əlindən alıb.Bu gün Ermənistandakı neft-qaz infrastrukturunun 80 faizi, ümumilikdə bank-maliyyə-iqtisadi sistemin 60 faizi Rusiyanın nəzarəti altındadır. Ukraynaya "kömək" göstərdilər, nəticəsi necə oldu, bu ,sizə də bəllidir. MDB ölkələrində borc yükü ilə bağlı ən acınacaqlı vəziyyəti Ukrayna yaşayır. Bu dövlətin xarici borcu ümumi daxili məhsulunun 80 faizinə bərabərdir. Ermənistanda bu rəqəm 50, Gürcüstanda 60 faizə çatır.Gürcülər strateji obyektlərinin səhmlərinin 25 faizinə qədərini Qərb birjalarında satışa çıxarıblar. Zənnimizcə bu qədər misallar dünyanın gedişatından baş çıxaranlar üçün kifayətdır. Odur ki, Qərbdən kömək istəyənlərə bir sualımız var. Bu köməyin əvəzində siz Qərbə nə verəcəksiniz? Yuxarıda adlarını sadaladığımız hansı dövlətin nümunəsi sizə daha çox xoş gəlir.

Nəhayət sonuncu… Bircə nümunə göstərin ki, 1993-cü ildən bu tərəfə Azərbaycan dövləti hansısa strateji sahəni öz nəzarətindən çıxararaq xaricilərə güzəşt edib. Bu müddət ərzində dövlətlərin böyük və kiçikliyindən asılı olmayaraq iqtisadi-siyasi əlaqələr bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurulub. Belə olan halda niyə xaricdən dəstək istəyib bizim dövlətimizi də "ərəblərin gününə" salmaq istəyi ürəyinizdən keçir? Bizlər isə bu xalqın bir üzvü kimi hər gün onun müxtəlif təbəqələri ilə ünsiyyətdəyik. Görürük ki, bu xalq köməyi yalnız öz dövlətindən gözləyir, onu da bu dövlətdən alıb, alır və gələcəkdə də alacağına ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə