Caspian Telecom şirkəti optik lifli şəbəkəsini genişləndirir

Caspian Telecom şirkəti optik lifli şəbəkəsini genişləndirir

İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində Azərbaycanın ən qabaqcıl şirkətlərindən olan "Caspian Telecom" MMC (CASTEL) özünün fiber optik texnologiyalara əsaslanan şəbəkəsini genişləndirir. SİA-nın xəbərinə görə, bu barədə CASTEL-in direktor müavini Mahizər Tağıyeva bildirib.

"CASTEL Bakı şəhərində və Abşeron yarımadasının bütün ərazisində banklara, dövət qurumlarına və ya özəl şirkətlərə fiber optik şəbəkə üzərindən müxtəlif İKT xidmətləri göstərə bilir. 2010-cu ildə Caspian Telecom şirkəti Ailə TV şəbəkəsinin bir qoluna çevrildikdən sonra, Ailə TV-nin potensialı ilə CASTEL-in potensialı birləşib. Nəticədə CASTEL Azərbaycanın ən geniş fiber optik şəbəkəyə malik şirkətinə çevrilib." – M.Tağıyeva əlavə edib.

CASTEL-in direktor müavini onu da qeyd edib ki, hazırda ölkə ərazisində optik şəbəkənin genişlənməsi istiqamətində işlər aparılır. Şirkət rəsmisinin sözlərinə görə, hazırda ölkənin digər regionlarında şəbəkələr quraşdırılır.

"Artıq bir neçə bankın regionlardakı filiallarına fiber optik şəbəkə üzərindən İKT xidməti göstərilir. Qəbələ, Lənkəran, Bərdə, Yevlax, Sumqayıt, Gəncə, Tovuz, Şəmkir, Masallı və Biləsuvar rayonlarında CASTEL-in optik şəbəkəsi mövcuddur", – şirkət rəsmisi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə