Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində respublikada DVB-T rəqəmli TV yayımının tətbiqi ilə bağlı görülən işlərə dair aidiyyəti birlik və müəssisələrin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müzakirə keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müzakirədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hazırda ölkə əhalisinin 85%-nin rəqəmli TV proqramlarını qəbul etdiyini və cari ilin sonuna kimi bütün ölkə ərazisində qəbulun təmin edilməsi üçün aparılan işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, analoq yayımından fərqli olaraq rəqəmli yayıma keçid paytaxtda seyr olunan bütün TV proqramların ölkənin istənilən yaşayış məntəqələrində efir vasitəsilə yüksək keyfiyyətlə qəbulunu mümkün edir. Eyni zamanda, qarşıya qoyulan məqsədə nail olunması üçün rəqəmli yayımın üstünlükləri və keçidin həyata keçirilməsi ilə bağlı əhalinin maarifləndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, müzakirələrdə rəqəmli TV yayımının stimullaşdırılması üçün ölkəyə rəqəmli televizor və çevirici qurğuların gətirilməsi və ölkədə istehsalı ilə bağlı zəruri tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması qeyd olunub. Müzakirələr zamanı Rəqəmli TV yayıma keçidlə əlaqədar tezliklərdən səmərəli istifadə edilməklə regional TV şirkətlərinin də rəqəmli yayıma keçidi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb. Müzakirə zamanı Milli Televiziya və Radio Şurası ilə razılaşdırılmaqla cari ilin sonuna qədər analoq TV yayımının mərhələlərlə dayandırılmasının məqsədəuyğunluğu da qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB