Nazir: “Azərpoçt”un rentabelliyində problemlər hələ də mövcuddur”

Nazir: “Azərpoçt”un rentabelliyində problemlər hələ də mövcuddur”

"Dünya Bankının "Azərpoçt"la həyata keçirdiyi layihənin nəticəsi gözlədiyimiz kimi olmayıb. Ötən il "Azərpoçt" MMC-də 23% artım olmasına baxmayaraq, müəssisənin rentabelliyində problemlər hələ də mövcuddur". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, "Azərpoçt" hələ də dövlətdən müəyyən subsidiyalar alır. Bu istiqamətdə islahatların aparılmasının vacibliyini vurğulayan Ə.Abbasov bildirib ki, nazirlik onun gələcək fəaliyyəti barədə müəyyən məsləhətləşmələr keçirir.

"Bu il Maliyyə Nazirliyi "Azərpoçt"la birgə islahatlar aparmaq niyyətindədir. Onun gələcək taleyini həll etmək üçün məsləhətləşmələr aparılır və bununla bağlı məsləhətçi şirkətin cəlb olunacağı istisna edilmir", - deyə nazir qeyd edib.

Avrasiya Transmilli İnformasiya magistralı üzrə konsorsiumunun yaradılması istiqamətindəki işlərə gəlincə, Ə.Abbasov qeyd edib ki, bu işlər daha da intensivləşib. Onun sözlərinə görə, bu istiqamətdə Budapeştdə, Türkiyədə görüşlər keçirilib: "Artıq operatorlar son sənədin üzərində işləyirlər ki, uyğun dövlətlər səviyyəsində də dəstəyi alaraq konsorsiumun yaradılmasına başlaya bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə