Bu gün Ginnes rekordlar kitabının ilk nəşri satışa çıxarılıb. Ginnesin rekordlar kitabının maraqlı yaranma tarixçəsi var. SİA həmin tarixçəni təqdim edir.
Çoxları \"Ginnesin rekordlar kitabı\"nın hansı zərurətdən, kimlər tərəfindən, hansı şəraitdə, nə vaxt yaradıldığını bilmir. Bəziləri adını eşitsə də onun üzünü belə görməyib. Bu səbəbdən də biz maraqlananlara bu kitab haqqında geniş məlumat vermək istəyirik.
Əslində dünyaca məşhur olan bu kitabın yaradılması çox adi səbəblərdən baş verib. Və çox yəqin ki, bu işə qol qoyanlar, pul xərcləyənlər o vaxt bilməyiblər ki, onların başladıqları bu iş onlardan sonra uzun müddət davam etdirilərək bütün dünyada tanınacaq. Ən azı bu kitabın adını yaddaşlara həkk edəcək.
Hər şey Artur Ginnes adlı şəxsin iş fəaliyyəti ilə başladı. O, 1759-cu ildə Dublin şəhərinin Sent-Ceyms darvazası yaxınlığında pivə zavodu açdı. İşini yaxşı bilən zavod sahibi qısa müddətə təsərrüfatını genişləndirdi və müəssisə 20-ci əsrin ortalarınadək uğurla fəaliyyət göstərdi. Artıq 1933-cü ildə bu pivə zavodu İrlandiyada ən böyük müəssisələrdən biri idi.
İşləri çox yaxşı gedən Ginnesin 1830-cu ildə artıq Böyük Britaniyada da iki nəhəng porter zavodu (bu, tünd acıtəhər qara pivədir) fəaliyyət göstərirdi. Amma zaman keçdikcə məhsulun satışı üçün əlavə işlər görmək lazım gəlirdi. O vaxt müəssisənin istehsal etdiyi məhsul həm də reklam işinin qurulması ilə ən müxtəlif yerlərdə, özəl pivəxanalarda satılırdı və bu səbəbdən də Ginnesin kompaniyası daim reklam işinə diqqət yetirirdi.
1951-ci il idi. Qurulmuş \"Voksford\" kompaniyasının yerli ovçular üçün təşkil olunan şam yeməyində \"Ginnes\"in sərəncamçı-direktoru ser Hyu Biver orada olan qonaqlardan biri ilə kürən cüllütün Avropada ən sürətli quş olduğu haqda möhkəm mübahisə etdi. Həmin vaxt bu mübahisənin sonu qeyri-müəyyən qalsa da mübahisə üç li sonra başqa bir şəkildə təzələndi. Bu dəfə ser Biver kürən cüllütün şotland kəkliyindən də sürətlə uçduğunu sübut etməyə çalışdı. Və o an ağlına gəldi ki, bu cür mübahisələri yerində, anındaca çözmək, doğru cavabı tapmaq üçün nüfuzlu bir mənbə olmadığıdan nəyin düz, nəyin səhv olduğunu təyin etmək mümkün deyil. Əgər \"Ginnes\" kompaniyası belə məlumatların toplandığı bir kitabı nəşr elətdirərsə, bu həm də yaxşı pivənin əla reklamı rolunda çıxış edə bilər.
Ser Biver ağlında oyanan bu fikirləri gerçəkləşdirmək üçün \"pivə ensiklopediyası\" üzərində işləməyi informasiya agentliyinin sahibləri Horris və Ross Makuirterlərə tapşırdı. Amma bu tezliklə başa gələn bir iş deyildi. Bunun üçün illər lazım idi. Müxtəlif məlumatların, çoxsaylı faktların tapılıb yığılması, hər birinin elmi təsdiqi və nüfuzlu mütəxəssislərin rəyləri lazım idi. Amma bu iş təxirə salınmadı. Və nəticədə ilk olaraq 1955-ci il 27 avqustda 198 səhifəlik kitab işıq üzü gördü. Və qısa müddət ərzində yayılmağa başladı.
Sonralar bütün dünyada \"Ginnesin rekordlar kitabı\" adı ilə məşhurlaşdı. Və kitab nəşri tarixində ilk dəfə olaraq detektiv və ya roman deyil, sözün əsl mənasında bir ensiklopedik məlumat kitabı belə böyük maraqla qarşılandı. Artıq Avropanın çox yerində ondan danışılırdı. Amma illər keçdikcə \"Ginnesin rekordlar kitabı\" yalnız \"Qoca qitə\"də məskən salmadı və yavaş-yavaş digər qitə ölkələrində də bu kitab yayılmağa başladı. İnsanlar ondan bir mənbə kimi istifadə etməyə adət etdilər.
Hazırda \"Ginnesin rekordlar kitabı\" dünyanın 40 ölkəsində ingiliscə çap olunur və eyni zamanda 37 dilə tərcümə edilir. Onu da qeyd edək ki, bu məşhur kitabın nəşri tam sərbəst deyil. Belə ki, orada çap olan faktlar sürətlə köhnəldiyinə görə müxtəlif ölkələrdə xüsusi səlahiyyətli komissiyalar yaradılmışdır. Bu xüsusi komissiyalar vasitəsi ilə yeni rekordların müəyyənləşdirilib təsdiqlənməsi və müvafiq diplomların verilməsi həyata keçirilir.
Göründüyü kimi ən adi mübahisəyə görə yaranan bir ideya sonradan dünyanın hər yerində adı dillər əzbəri olan bir kitabın meydana gəlməsinə vəsilə oldu.
Azərbaycanla bağlı rekordları nəzərinizə çatdırırıq. Belə ki, 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfər isə xəsarət almışdır. Bu qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı \"Ginnesin Rekordlar Kitabı\"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə \"Ginnesin Rekordlar Kitabı\"na düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir.
2010-cu ilin sentyabrın 1-də Bakıda yerləşən bir flaqştok, Ginnesin Rekordlar Kitabının orqanizasiyası dünyanın ən uca flaqştoku olduğunu bildi.
Bütün xəbərlər Facebook səhifəmizdə