Yeni Mazda MX-5

Hamı tərəfindən ən çox sevilən idman avtomobillərindən birinin yeni nəsli sürətlə istehsal xəttinə doğru hərəkət etməkdədir. Yeni Mazda MX-5 xarici görkəmi haqqında ilk təəssüratı AutoExpress dərgisinin əlinə keçmiş texniki cizgilərə əsasən yapon şirkətinə heç bir aidiyyatı olmayan rəssam tərəfindən işlənmiş təsvir əsasında əldə etmək olar. Hər şeydən görünür ki, rodsterin yeni nəsli avtomobilin ilk versiyalarına daha çox bənzəyəcək. Bunu radiatorun forma və barmaqlığı, həmçinin kuzovun 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində buraxılmış MX-5 modelini xatırladan ümumi cizgiləri də təsdiq edir. Lakin qabaq optika isə əksinə daha müasir üslubda işlənəcək. Daha konkret desək qabaq fənərlər bloku Mazda model sırasının heç bir modelində görünməmiş damçı formalı olacaq. Xirosimalı şirkətin yeni maşınlarının əsas ideyası çəkinin azaldılması ilə səmərəliliyin artırılmasıdır.

Gələcək MX-5 yeni SKYACTIV plaforması üzərində yığılacaq və 125 .g. hasil edən 1,5 litrlik tamamilə yeni mühərrik əldə edəcək. İlk baxışdan mühərrikin gücü az görünsə də avtomobilin cəmi 950 kq olan çəkisini nəzərə alsaq belə kiçik mühərrikin avtomobili idarəetməkdən alınacaq zövqü qətiyyən azaltmayacağını söyləmək mümkündür. Xüsusən ona görə ki, altı pilləli ötürücü qutu ilə cütlükdə yeni aqreqat hər 100 km məsafədə yanacaq sərfini 5,2 L səviyyəsində təmin edəcək ki, bu da MX-5 pərəstişkarlarını sevindirməyə bilməz.Rəsmi premyera martda Cenevrə motorşousunda nəzərdə tutulur. Diler mərkəzlərində isə avtomobil çox güman ki, gələn ilin payızında peyda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə