Xuraman Muradova: “Sizə səmimi deyim ki, 44 günlük müharibədə mən elə bil ömrümün 44 ilini yaşadım. Ona görə də bizim hər birimiz öz işimizlə Ali Baş Komandanımızın və Vətənimizin əsgəriyik”.
Eşidəndə ki, “Milan” Hospitalın yaradıcısı, tanınmış iş adamı, Xurşud Banu Natəvan adına mükafatın laureatı, maraqlı şeirlərin, bayatıların, “Nəbi və Həcər dastanı” poemasının və nəsr əsərlərinin müəllifi Xuraman xanım İsmayıl qızı Muradova dünyanın ən aparıcı akademiyalarından biri olan Oksford Akademiyasının professoru seçilib, çox sevindim. Axı, Xuraman xanım başda olmaqla “Milan” Hospitalı günü-gündən inkişaf edərək, artıq dünya səviyyəsində öz sözünün deyir, haqlı olaraq bu fəxri ada layiqdir. Səkkiz aydan çox bir müddətdə tanıdığım və gördüyü müqəddəs işlə insanların qəlbində özünə əzəmətli heykəl ucaltmış Xuraman xanım və onun rəhbərlik etdiyi “Milan” Hospitalın kollektivi haqqında çoxlu məqalə, portret yazıları yazmışam. Hamısı da maraqla qarşılanıb. Xuraman xanım və “Milan” Hospitalın peşəkar həkimləri haqqında xəstələrin necə mehribanlıqla, ürək dolusu danışdıqlarının və az bir vaxtda sağaldıqlarının şəxsən şahidi olmuşam. Bir daha təkrar etmək istəyəirəm ki, həqiqətən də Xuraman Muradovaya təqdim olunan bu dünya səviyyəli fəxri ad şəxsən halalıdır. On beş ildən çox bir müddətdə xalqımızın sağlamlığı keşiyində layiqincə dayandığının, Vətən müharibəsində yaralanan qazilərimizə, canlarından keçən şəhidlərin ailərərinə, valideynlərinə təmənnasız xidmətinin layiqili mükafatıdır. Həmçinin Xuraman xanım “Milan” Hospitalı artıq dünya səviyyəsində yetərincə tanıdıb.
Bununla əlaqədar “Milan” Hospitala getdim. Xuraman xanımı və bütün kollektivi təbrik eedim. Gördüm ki, böyük bayram əhval-ruhiyyəsindədirlər. Fürsətdən istifadə edib Xuraman xanıma belə bir sual verdim:
- Xuraman xanım, Oksford Akademiyasının professoru fəxri adı Azərbaycanda cəmi bir neçə insana verilib. Necə oldu ki, siz dünya səviyyəli belə bir fəxri ada layiq görüldünüz?
- Pandemiya dövründən əvvəl, daha doğrusu, 2019-cu ilin sentyabr ayında bizim “Milan” Hospitalından mən, Səriyyə həkim Hüseynova və professor Sevinc həkim Kərimova Avropa Tibbi Assosiasiyasının prezidenti Vinçenzo Kastiqliolanın dəvəti ilə Çexiyaya getmişdik. Vinçenzo Kastiqliola dünyada tanınmış insandır. O, Avropa Parlamentinin ailə həkimi, viti nemətlərin Avropada prezidenti və başqa on təşkilatın da prezidentidir. Həmin Avropa Tibb Assosiasiyanın mərkəzi Brüssel şəhərində yerləşir. Beləliklə, biz Çexiyanın Praqa şəhərində beynəlxalq səviyyəli tədbirdə olduq.

Yuxarıda dediyim kimi, bizi ora dünya tibb sahəsinin inkişafı ilə bağlı dəvət eləmişdilər. Orada əvvəllər dünyanın 56 ölkəsindən nümayəndə iştirak eləyirdi. Biz də 57-ci ölkənin təmsilçisi olduq. Mən ora gedəndə “Milan” Hospitalla bağlı videoçarx aparmışdım. Həmin videoçarxda bizim hospitalın gördüyü işlər lazım olan səviyyədə göstərilirdi. Həmin videoçarxı Vinçenzo Kastiqliolaya və tədbirdə iştirak edənlərə göstərdik. Aparıcı ingilis dilində danışırdı. Ona görə də hamı başa düşürdü və fəaliyyətimiz hamının xoşuna gəldi. Cənab Vinçenzo Kastiqliola bizim təqdim etdiyimiz işi çox bəyəndi. Mən onu Azərbaycana dəvət edib, “Milan” Hospitalla əyani tanış olmasını istədim. Orada mənə bildirdilər ki, professor Vinçenzo Kastiqliola altı aydan tez gələ bilməz. Çünki tez-tez çoxlu xarici ölkəyə gedir və onun vaxtı yoxdur. İşləri planlıdır. Orada olduğumuz müddətdə işlərimiz hamının xoşuna gəldiyinə görə bizi artıq 57-ci ölkə kimiAvropa Tibb Assosiasiyasının üzvü seçdilər. Bizim gələcəkdə institut kimi təkmilləşməyimiz orada əsas məqsəd kimi qarşıya qoyuldu. Və bu institut Şərq ölkələrində ilk institut olacaqdı. Yəni tibbi xidmətimiz institut adı ilə bundan sonra davam etməlidir. Biz tədbirdən sonra Bakıya qayıtdıq və tez-tez Avropa Tibb Assosiasiyası ilə əlaqə saxladıq. Söhbətimiz əsnasında Vinçenzo Kastiqliola deyirdi ki, “vaxt tapan kimi Azərbaycana gəlib, sizin işlərinizlə daha yaxından tanış olacağam”. Bu danışıqdan 29 gün keçəndən sonra Vinçenzo Kastiqliola mənə zəng edib Azərbaycana gəlmək istədiyini bildirdi. Biz onu ölkəmizdə çox yüksək səviyyədə qarşıladıq. O, bizim Hospitalda oldu. Gördüyümüz hər işdən məmnun qaldı. Bizim dünya səviyyəli tibbi aparatlarımız, həkimlərimizin peşəkarlığı və xəstələri yüksək səviyyədə qarşılamağımız onun çox xoşuna gəldi. O, xəstələrlə görüşdü, onları dinlədi. Özünün tövsiyələrini verdi. Söz yox ki, bizim tibbi aparatlar onu çox heyrətləndirdi. Mən dörd dəfə Dubayda dünya səviyyəli sərgilərdə olmuşam və oradan müasir tibb səviyyəsinə cavab verən terapiya, diaqnostika və başqa aparatlar gətirtmişəm. Bu cür aparatlar, xüsusilə də terapiya aparatları yalnız bizim Hospitalda mövcuddur, digərlərindən tam fərqlidi. Qonağımız xəstəxananın yeddi mərtəbəsi ilə də yaxından tanış oldu. Demək olar ki, hər mərtəbədə tibbi xidmətdən, görülən işlərdən razı qaldı. Bildirdi ki, “Milan” Hospital nəinki Azərbaycanda, bütün Şərqdə, Zaqafqaziyada, hətta bütün dünyada tanınmalıdır. Vurğuladı ki, “Xuraman xanım, siz elə bir mükəmməl iş qurubsunuz ki, mənim heç ağlıma gəlməzdi ki, sizin ölkədə belə bir xəstəxana var. Bu xəstəxana Avropa, Amerika xəstəxanaları ilə rəqabətə girməyə qadir olan tibb müəssisəsidir”.
Biz onu Azərbaycanın bəzi görməli, cənnətməkan yerlərinə apardıq. O, bir neçə gün bizim qonağımız oldu. Ölkəmizin gözəlliyi, insanlarımızın mehribanlığı, qonaqpərvərliyi onu valeh elədi. O, deyirdi ki, “Azərbaycanı yalnız xəritədə görmüşdüm. Tanımırdım. Sizin çox gözəl məmləkətiniz, mehriban insanlarınız var. Ölkənizi hər biriniz qorumalısınız”. Sonra beynəlxalq jurnallara müsahibəsində bildirmişdi ki, ““Milan” Hospital dünya səviyyəsində tanınmağa layiq tibb müsəsisəsidir. Fəaliyyəti hər yerdə nümunə kimi təbliğ olunmalıdır. Çünki burada xəstələr iynəsiz, dərmansız, kompleks müalicə olunurlar və sağalırlar. Həkimlər də öz işlərilə möcüzə yaradırlar. Azərbaycan isə dünyanın ən gözəl ölkələrindən biridir. İnsanları çox qonaqpərvərdir”.
“Milan” Hospital yarandığı yeddi ildə gördüyü böyük işlərlə artıq seçilir. MDB məkanından sağalması çətin olan çoxlu xəstə buraya üz tutur və şəfa tapır. 2019-cu ildən Avropa tibb dünyası ilə yaxın tanışlığımız, əməkdaşlığımız yarandı və biz də Avropa Tibb Assosiasiyasının üzvü seçildik, Tibb İnstitutu adını qazandıq. Bu adla fəaliyyətimizi davam etdiririk. Pandemiya səbəbindən işlərimiz bir qədər ləngisə də onlarla yazışmalarımız və video görüntülərimiz, onlayn konfranslarımız davam eləyir.

- Deməli, Vinçenzo Kastiqliolanın Azərbaycana gəlişi ilə siz, təkcə tibb sahəsində yox, həm də diplomatiya səviyyəsində iş görübsünüz. Azərbaycanın səhiyyəsi ilə bərabər, həm də mədəniyyətini, tarixini, coğrafi şəraitini, insanlarının necə mehriban olmasını dünya şöhrətli bir insana tanış etmisiniz. Bununla da dünyanın artıq 56 ölkəsinin təmsilçisini Azərbaycana yaxınlaşdırıbsınız.
- Bəli, tamamilə doğrudur. Qonaq söz verdi ki, “Milan” Hospitalı və xüsusən Azərbaycanın səhiyyəsini bütün dünya hökmən yaxından tanınmalıdır. Vurğuladı ki, “çalışacağıq, qonşu ölkələrin və bütün Şərqin mərkəzi tibb ocağı kimi seçiləsiz”. Axı bizdə digər xəstəxanlardan fərqli olaraq, xəstələrə yanaşma tam fərqlidir. İşçilərimizə həmişə deyirəm ki, hər bir xəstənin bizə müraciət etməsi ilə Allah bizi imtahana çəkir. Çünki onlar canlarının ağrısını, acısını götürüb bizə üz tuturlar. Borcumuzdur ki, onlara diqqətlə və doğmalarımız kimi yanaşaq, əlimizdən gələni edək ki, sağalsınlar. Çünki bu, həm öz inkişafımız və həm də insanlığımız naminə Böyük Yaradanın qarşısında bir hesabatımız deməkdir.
- Sizin Vinçenzo Kastiqliola və Avropa Tibb Assosiasiyası ilə təkrar görüşünüz oldumu?
- O, Azərbaycandan gedəndə demişdi ki, bizim əlaqələrimiz çox sıx olacaq. Lakin dünyanı COVİD-19 pandemiyası ağuşuna aldığı üçün mümkün olmadı. Buna baxmayaraq, vaxtaşırı internet əlaqələri qurur, yazışırıq. Hətta 44 günlük Vətən müharibəsi dövründə biz onunla tez-tez telefonla, internetlə əlaqə saxlayırdıq. Müharibə dövründə mən döyüş gedən yerlərdəki bütün görüntüləri, video çəkilişləri, Gəncəni, Bərdəni, Tovuzu, Goranboyu, orada yaşayan dinc sakinləri erməni faşistlərinin necə qətlə yetirdiklərinin hamısını Vinçenzo Kastiqliolaya göndərirdim ki, 56 ölkənin nümayəndələrinin hamısına yaysın və qoy onlar da görsünlər ki, biz öz torpağımızı murdar ermənilərdən təmizləyirik. Qoy onlar görsünlər ki, otuz ildə vəhşi ermənilər bizim cənnətməkan Qarabağımızı necə xarabazara qoyublar. Bütün bunları həyəcan dolu xahişlərlə ona deyirdim ki, Brüsseldə Parlamentin üzvlərinə də çatdırsın. Çünki Vinçenzo Kastiqliola Avropa Parlamentinin ailə həkimidir. Orada olanlarla çox sıx əlaqəsi var.

- Deməli, siz həm də bizim Vətən müharibəmizin gedişatını və qələbəsini dünya miqyasına imkanınız daxilində təqdim etmisiniz?
- Bəli, Vinçenzo Kastiqliola əvvəlcə bir qədər biganə yanaşır, bəzən susur və sonra bildirirdi ki, “hər şey yaxşı olar”, siz həkim kimi öz işinizdə olun, müharibənin işlərinə qarışmayın. Müharibənin öz qanunları var. Mən isə deyirdim ki, bizim bütün həkimlərimiz səfərbər olub və müharibədə yaralananlara lazım olan köməkliyi edir. Vurğulayırdım ki, düşmən torpaqlarımızı otuz ildən çoxdur ki, işğal altında saxlayıb və günahsız körpələri, ixtiyar qocaları qətlə yetirib, burada hansı tibb işindən söhbət gedə bilər? Hamımız bir nəfər kimi səfərbər olmuşuq ki, ordumuz qələbə çalsın. Sonra Vinçenzo Kastiqliola müharibədə ermənilərin törətdikləri vəhşilikləri, günahsız körpələrin öldürülməsini, dağılan evləri, daşların altında qalan insanları gördükdə, onların faşist xislətini dərk etdikdə dünyada bizim ən böyük təbliğatçılarımızdan birinə çevrildi. Və mənə yazırdı, deyirdi ki, “mən Avropada və dünyada lazım olan məqamları danışıram. İnsanları sizin müdafiənizə cəlb edirəm. Avropa Parlamentinin üzvlərinə də sözümü çatdırıram”. Bunu sözü keçən hər kəs, yəni kimin gücü nəyə çatırdısa etməliydi. Şükür ki, Vətən müharibəsi dövründə xalqımız bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında sıx birləşdi. Doğrudan da hamı qələbə üçün öz bacarığını əsirgəmədi. Belə rəvayət var: Bir yer yanır. Görürlər ki, bir sərçə ağzında su gətirib, həmin yanan yerə tökür. Soruşurlar ki, “ay sərçə, sənin bir damla suyunla məgər yanan yer sönəcək?” Sərçə cavab verir ki, “Allah ən azından mövqeyimi görsün ki, mən də bu yanğının sönməyinin tərəfdarıyam”. Beləliklə, biz müasir silahlarımızla, güclü ordumuzla və ən əsası isə ağıllı, uzaqgörən siyasəti, böyük bacarığı olan Ali Baş Komandanımızla 44 günün tamamında erməniləri təslim aktına qol çəkməyə məcbur etdik. Bu qələbəmizə Vinçenzo Kastiqliola da çox sevindi və bizim şücaətimizi daha çox təbliğ etməyə başladı.

- Bilirik ki, Vətən müharibəsi dövründə sizin həkimlər də böyük fədakarlıq göstəriblər.
- Bəli, elədir. Bizim neyrocərrahımız, travmatoloqumuz, anestezioloqumuz, LOR həkimimiz və bütövlükdə “Milan” Hospitalın işçiləri əllərindən gələn köməklikləri edirdilər. Həm ön, həm də arxa cəbhədə. Həmin vaxtı bizə orduda “döyüşən Hospital” deyirdilər. Biz bütün yaralı əsgərlərə bütün yardımları edirdik. Vinçenzo Kastiqliola da bütün bunları izləyir və həkimlərimizin fədakarlığını yüksək qiymətləndirirdi. Mən ona qan içində olan, ağlayan həmvətənlərimizin şəkillərini göndərirdim ki, erməni vəhşiliklərini bir daha görsün. O, mənim vətənpərvərliyimə heyran olduğunu deyirdi. Bu insan müharibənin həyəcanlarını mənmlə birgə yaşayırdı. İstəyirdim ki, o, bütün baş verənləri dünyaya çatdırsın. Bilirsiniz ki, erməni lobbisi dünyada çox güclüdür. Onlar çayır kötüyü kimi dünyaya yayılıblar. Özlərinin haqlı olduqlarını bəyan edirlər. Onlardan hər namərdlk gözləmək olar. Bilirsiniz ki, ilan bal da yalasa, bal da yesə, yenə də ağzından zəhər tökəcək. Erməni toplumu da ilan kimidir. Onlara biz bal da versək, onlar bizə qarşı ağızlarından yalnız zəhər tökəcəklər. Onlar doğulan uşaqlarını ilk yaşlarından türkün onlara düşmən olduğu tərbiyəsi ilə böyüdürlər. Ona görə də biz hər sahədə güclü olmalıyıq. Bir-birimizə paxıllıq eləməməliyik. Hər zaman inkişafda olmalıyıq. Əgər iqtisadiyyatımız güclü olmasaydı, biz müasir silahları, PUA-ları necə ala bilərdik? Bax, mən də istəyirdim ki, dünya şöhrətli bu alim bizim haqq səsimizi hər yerə yaysın, müqəddəs iş uğrunda vuruşduğumuza hamını inandırsın. Burada mən bir məsələni də vurğulayım ki, biz 2019-cu ilin sentyabr ayında Praqada olan vaxtı tədbir keçirilən binada 56 ölkənin bayrağını asmışdılar, amma bizim bayrağımız yox idi. Mən tələb elədim ki, bizim bayrağımızı da oradan assınlar. Əgər asmasalar biz bu tədbirdə iştirak etməyəcəyik. Onlar Azərbaycanın Çexiyadakı Səfirliyindən bizim üçrəngli bayrağımızı gətirib orada asandan və himnimizi səsləndirəndən sonra biz həmin tədbirə qatıldıq. Elə həmin vaxtdan Vinçenzo Kastiqliolanın bizə çox yaxşı, isti münasibəti yaranmışdı. O, bizim bu vətənpərvərliyimizi yüksək qiymətləndirirdi.
Hətta fasilə zamanı, səhər yeməyi stolunda əyləşdiyimiz vaxtı da o, bizimlə bir süfrədə əyləşirdi. Baxmayaraq ki, orada Amerikadan, Hollandiyadan və başqa yerlərdən məşhur iş adamları, dünya səviyyəli həkimlər vardı, bax, bu dünya şöhrətli alim yanlız bizimlə birlikdə əyləşirdi. Həmin məşhur adamların arasında ermənilər də vardı. Onlar da bundan çox pərt olurdular və bizə qarşı qısqanclıq hissləri keçirirdilər. Vinçenzo Kastiqliolanın belə yaxılığı nəticəsində bizim sıx dostluq əlaqələrimiz yarandı. Müharibədən sonra münasibətlərimiz daha da yaxşılaşdı. İnternet vasitəsi ilə onlayn əlaqələrimiz bir qədər də genişləndi.

- Bəs necə oldu ki, sizə Oksford Akademiyasının fəxri professor adı verildi?
- Heç gözləmədiyim halda mənə xəbər verdilər ki, mənə bir biznes ledi kimi idarəçilik üzrə professor adı vermək istəyirlər. Doğrusu, bunu eşitməyim mənə və kollektivimizə çox sevindirici oldu. Və hətta dünyanın 56 ölkəsindən məşhur həkimlər, baş həkimlər, xəstəxanaların rəhbərləri, tanınmış iş adamları canlı yayımla məni təbrik etməyə başladılar və gördüyüm uğurlu işlərdən ürək dolusu danışdılar. Onlar istəyirdilər ki, professor adının diplomunu, medalını, ordenini, mantosunu Azərbaycana gətirib, burada mənə təqdim eləsinlər. Amma pandemiya dövrü olduğuna görə belə qərara gəldilər ki, fəxri adın diplomunu, medalını, ordenini, mantosunu mənə beynəlxalq səviyyəli poçt vasitəsilə göndərsinlər. Artıq göndəriblər. Mən, fəxri adla bağlı keçirilən iclas vaxtı çəkilən video-lentə baxanda görürdüm ki, orada Ermənistandan və başqa ölkələrdən olan ermənilər də var. Onlar da məcburən məni təbrik elədilər. Hətta həmin video-lentdə 56 xarici ölkənin nümayəndələri deyəndə ki, “Xuraman xanım Vətən müharibəsi dövründə və müharibədən sonra qazilərə, şəhid ailələrinə, onların valideynlərinə, bacı-qardaşlarına əlindən gələn köməklikləri eləyib və eləyir, onların hamısı “Milan” Hospitalında pulsuz müalicə olunurlar. Bu özü elə ən böyük vətənpərvərlikdir. Məhz buna görə də Xuraman xanım Muradova Oksford Akademiyasının professoru olmağa layiqdir”. Bunu eşidən ermənilərin üzlərinə baxanda onların necə əsəb keçirdiyini aydın görürdüm. Amma sizə bir həqiqəti deyim ki, mənim üçün bu müharibə dövründə və müharibədən sonra şəhidlərimizin ailələrinə, valideynlərə, qazilərimizə göstərdiyimiz tibbi xidmətdən böyük mükafat yoxdur. Burada onların heç birinə “yox” sözü deyilmir. Onlara elədiyimiz xidmət mükafatının yanında, Avropanın, dünyanın mükafatları mənimçün ikinci dərəcəli mükafatdır. Biz sahibkarlara ölkə başçımız əlindən gələn şəraiti yaradıb və lazım olan kimi işləyirik. Xalqımıza kömək eləmək, yardım göstərmək hər birimizin vətəndaşlıq və müqəddəs borcudur.
Mənim Oksford Akademiyasının professoru olmağımda həkim Səriyyə xanım Hüseynovanın da xidmətləri əvəzsizdir. Çünki “Milan” Hospitalla bağlı maraqlı məlumatları həmin assosiasiyaya tez-tez məhz o göndərir. O da bu assosiasiyanın üzvüdür.

- Deməli, bu mükafat və fəxri ad həm də sizin 44 günlük Vətən müharibəsində göstərdiyiniz böyük fədakarlığınıza verilən bir qiymətdir.
- Bəli, elədir. Mən müharibə dövründə demək olar ki, hər gün qurbanlar kəsib əsgər ailələrinə göndərirdim. Dağlara duman gələndə, havalar pis olanda Allaha yalvarırdım ki, əsgərlərimizə köməklik etsin. Orada yaxşı hava olsun ki, əsgərlərimiz vuruşa bilsinlər. Əli xınalı əsgərlərimiz, igid oğullarımız ermənilərə əsir düşməsin. Müharibə dövründə yaralı əsgərləri özəl klinikalara vermirdilər. Onlar dövlət xəstəxanalarında müalicə olunurdular. Amma buna baxmayaraq biz də həmin dövlət xəstəxanalarına lazım olan qədər dərmanlar, çəliklər, əlil arabaları verirdik və ümumiyyətlə əlimizdən nə gəlirsə köməkliklər edirdik. İnanın . Sizə səmimi deyim ki, 44 günlük Vətən müharibəsində mən elə bil ömrümün 44 ilini yaşadım . İndi biz xarici ölkələrə gedəndə başımızı dik qaldırıb gəzirik və bu hərəkətimizlə hamıya deyirik ki, qalib ölkənin vətəndaşıyıq. Biz Qarabağın fatehi cənab İlham Əliyevlə qürur duyuruq. Ordumuzun məğrur, qeyrətli oğulları ilə fəxr edirik. Biz iş adamları da xalqımız üçün, Vətənimiz üçün əlimizdən gələni etməyə çalşmışıq. Bu gün dünyada tanınan çoxlu imkanlı azərbaycanlı var. Onlar da xalqımız üçün əllərindən gələni etsələr, məğrur, igid, qürurlu xalq olduğumuz dünyaya bəyan olunar. Çox şükür ki, ölkəmizə cənab İlham Əliyev kimi güclü bir lider rəhbərlik edir. Ona bütün işlərində kömək edən Mehriban xanım Əliyeva kimi qocaq, ağıllı Birinci vitse-prezidentimiz var. Onların diqqət və qayğısı sayəsində səhiyyəmiz daha da inkişaf edir. Bax, ona görə də “Milan” Hospitalda “yox” sözü yoxdur. Hər birimiz sənətindən, işindən asılı olmayaraq Vətənə əsgər olmalıyıq. Çalışmalıyıq ki, əldə etdiyimiz qələbəmizlə kifayətlənməyib, Qarabağımızı möhkəm qoruyub, üçrəngli bayrağımızı tezliklə Xankəndinə, Xocalıya, Xocavəndə, Ağdərəyə, Əsgərana da sancaq!
Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi
P.S. Doğrudan da təqdirəlayiq haldır ki, azərbaycanlı xanım, iş adamı dünya səviyyəli bir ada layiq görülüb. Bu, elə Azərbaycan tibb sahəsinin böyük uğurudur. Xuraman xanım Muradova başda olmaqla “Milan” Hospitalının hər bir əməkdaşı öz işinin peşəkarıdır. Artıq Azərbaycan tibbi dünyaya yol açır. Bu yolda məhz “Milan” Hospital və onun yaradıcısı Xuraman xanım Muradova ilk addımını atır. Hazırda “Milan” Hospitalda daha ciddi işlər icra olunur. Bunu Xuraman xanım Muradovaya Oksford Akademiyasının professoru fəxri adı verilən vaxtı Vinçenzo Kastiqliola başda olmaqla həmin tədbirə onlayn qoşulan 56 ölkənin nümayənəndələri də dedilər. Bunu Xalq şairimiz, Milli Aviasiya Akademiyasının professoru Nəriman Həsənzadə, mən və istedadlı şairəmiz Nəcibə İlkin də həmin tədbiri seyr edəndə eşitdik. Dünya şöhrətli alim Vinçenzo Kastiqliolanın xahişi ilə Xuraman xanıma fəxri professor diplomunu və medalını Xalq şairimiz Nəriman Həsənzadə təqdim etdi. Mən və Nəcibə İlkin Xuram xanım və “Milan” Hospital haqqında bir daha ürək sözlərimizi dedik və kollektivi təbrik elədik.
Dünya şöhrətli təbib İbn Sinanın belə bir kəlamı var: “Cahil həkim ölüm düşərgəsinin köməkçisidir”. Gəlin, danmayaq ki, bu gün dövlət və özəl xəstəxanalarımızda, poliklinikalarımızda cahil, savadsız həkimlər hələ də çoxdur.Tibb müəssisələrimizdən onları uzaqlaşdırmaq üçün məhz “Milan” Hospitalın iş təcrübəsini nümunə olaraq lazımi səviyyədə yaymaq vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB