Pandemiya nə vaxt bitəcək? - TƏHLİL

Dünyanın ən böyük bəlası ilə, gözəgörünməz düşmənlə, daha dəqiq desək, koronavirusla mübarizə hələ də davam edir və bu düşmən hələ də can almaqda davam edir. Bu baxımdan məlum virusun yaratdığı mövcud problemlər əvvəlkidən daha çox müzakirə predmeti olaraq qalır və pandemiya insanları, ələlxüsus alimləri düşündürür. Narahatlıqlar da öz növbəsində anlaşılandır. Sual doğuran bir çox məqamlar da var, lakin bütün bəşəriyyət qarşısında ən ümdə sual oldur ki, görəsən, pandemiya nə vaxt bitəcək və yaxud bizi nələr gözləyir? Dördüncü peyvənd ehtiyacından tutmuş, bütün məhdudiyyətlərin aradan qaldırılmasına qədər hər şey barədə həkimlərin və alimlərin müxtəlif fikirləri var.

Avropada, eləcə də dünyada koronavirusla bağlı vəziyyət birmənalı deyil. Bir tərəfdən, yeni koronavirus infeksiyalarına yoluxmaların sayı ötən ildə qeyd-şərtsiz karantin elan edildiyi səviyyəyə çatıb. Digər tərəfdən, pandemiyanın bitməsinə ümid də artır və məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələr getdikcə çoxalır. Bir sıra digər Avropa ölkələrində olduğu kimi, məsələn, Almaniyada da anti-COVID məhdudiyyətlərinin aradan qaldırılması üçün etiraz dalğası güclənir. Çoxları nümunə kimi Danimarkanı göstərirlər, hansıki, burada rekord sayda infeksiyaya yoluxmalara baxmayaraq, demək olar ki, bütün məhdudiyyətlər artıq aradan qaldırılıb. Bunun izahı kimi də Danimarka hakimiyyəti pandemiyadan irəli gələn məhdudlaşdırıcı tədbirlərin ölkədə iqtisadiyyata, rifah və yaşayışa zərər vuracağından çıxış edir.

Öz növbəsində Almaniyanın səhiyyə naziri Karl Lauterbax karantin tədbirlərinin zəiflədilməsinin indi mümkün olmadığını deyib. O, qeyd edib ki, məhdudiyyətlərin aradan qaldırılması haqqında Pasxa bayramına qədər, yəni aprelin ortalarına qədər danışmaq mümkün olmayacaq. Səhiyyə naziri əmindir ki, məhdudiyyətlər indi aradan qaldırılarsa, omikron dalğası daha uzun müddət davam edə bilər. Bir sözlə, Almaniyanın səhiyyə nazirinin dediklərindən belə məlum olur ki, məhdudiyyətlərin aradan qaldırılması omikronun ömrünün daha da uzadılmasına gətirib çıxara bilər və bununla tazılaşmaq olmaz.

Omicron pandemiyanın sonunu gətirəcəkmi?

Bir çox dünya alimləri və dünya miqyasında tanınmış həkimlərin bir qismi belə qənaətdədir ki, omikron pandemiyanın sonunu gətirəcək. Koronavirusun yeni ştamlarının bir-birini əvəz etməsi, yayılan omikron ştammı barədə fikirlər müxtəlifdir. Bir çoxları elə hesab edirlər ki, omikron sonuncu ştamm olaraq qeydə alınacaq və bundan sonra pandemiyanın sonu çatacaq. Yəni, sözügedən bu ştammın artıq zəif olduğunu, yoluxma səviyyəsi yuxarı olsa da ağır keçirilmədiyini, mütasiyaya uğramayacağını düşünənlər var ki, bu səbəbdən də pandemiyanın məhz omikronla sona çatacağını iddia edirlər. Digərləri isə omikronun mütasiyaya uğrayacağı qənaətindədirlər və buna görə də pandemiyanın bitməyəcəyi, hələ davam edəcəyi barədə fikirlər səsləndirirlər, bunun üçün də peyvəndlərin davamlı şəkildə tətbiqinin vacibliyini vurğulayırlar.

Doğrudur, bilirik ki, peyvəndlər ağır xəstəliklərdən qorunmaq üçündür. Məsələ burasındadır ki, COVİD-ə yoluxma artıq panikaya səbəb olmur, çünki omikron variantı nadir hallarda xəstəliyin ağır formasına gətirib çıxarır. Biz ətrafımızda da bunun şahidi oluruq. Hətta, ABŞ-da və bəzi Avropa ölkələrində belə analoji hallar müşahidə olunur. Məhz omikron koronavirusun əvvəlki variantlarından daha yoluxucu olduğu üçün pandemiyanın endemik ola biləcəyinə ümid yaranıb. Endemik olması o deməkdir ki, koronavirus tamamilə yox olmayacaq, müəyyən bölgədə, müəyyən populyasiyalar arasında, özü də müəyyən vaxtlarda rast gəlinəcək. Bu fikirlərdən isə belə qənaətə gəlmək olur ki, artıq normal həyata qayıda bilərik. Amma gəlin görək həqiqətən də belədirmi? Həqiqətən də pandemiyanın endemik ola biləcəyi və bununla da uyğunlaşılacağı mümkündürmü? Eyforiyaya qapılmağa, təslim olmağa dəyərmi? Nəzərə alsaq ki, bu zamana qədər dünyada belə fikirlər həddən artıq çox olub, deməli, dürüst cavab ondan ibarətdir ki, biz hələ doğrusunu bilmirik. Bu barədə proqnoz da vermək sual altında qalır.

Etiraf edək ki, heç bir ekspert, heç bir alim yaxın aylarda vəziyyətin necə dəyişəcəyini dəqiq deyə bilməz. Çünki koronavirusun daha necə və hansı mutasiyalara uğrayacağı bilinmir. Bu barədə danışmaq, proqnoz vermək fal açmaq kimi görünər. Amma, həqiqətən də bir şey aydındır ki, bundan sonra virus hələ yenə mutasiyaya uğrayacaq. Çünki, viruslar insan orqanizminə daxil olanda belə davranırlar və bunu təcrübə də təsdiq edir. Helmhols Mərkəzinin epidemioloqu Qerard Krause hesab edir ki, biz başqa hansısa variantların olduğunu da, onların keçə biləcəyini də, yaxud ağır xəstəliyə gətirib çıxara biləcəyini də bilmirik. O, omikron variantı ilə bağlı məlum eyforiyanı bölüşmədiyini, bunun endemik xəstəliyin başlanğıcı olacağı barədə düşünmədiyini bildirib. Dolayısı ilə epidemioloq bəyan edir ki, hələ endemik variant barədə ümid etməyə, buna arxayın olmağa da dəyməz. Əksinə, o daha təhlükəli variantların ortaya çıxa biləcəyinə hazırlıqlı olmağın vacibliyini vurğulayır. Öz növbəsində, Münhen Texniki Universitetinin Virusologiya İnstitutunun rəhbəri Ulrike Protzer belə qənaətdədir ki, omikron dalğasının səngiməsi və koronavirusun bu variantının digər variant ilə əvəzlənməsi tam mümkündür.

Vəziyyətin necə olacağı barədə elm adamlarının qənaətləri

Koronavirusun köhnə, yaxud yeni, eləcə də təhlükəli və ya nisbətən təhlükəsiz variantlarının yenidən peyda olacağı da təkzib edilmir. Alimlər tərəfindən bildirilir ki, virus endemik hala gəlsə belə, yenə də təhlükəli hesab olunur və qeyd olunur ki, vəziyyət tez dəyişə də bilər. Leybniz İnstitutundan Hayo Zeeb hesab edir ki, endemik hal hər şeyin bitdiyi və vəziyyətin təhlükəsiz olduğu da demək deyil. Onun fikrincə, təbii ki, yeni mutant variant ortaya çıxarsa və yenidən epidemiyaya səbəb olarsa, hər şey dəyişə bilər. "Əgər bu endemik olmasa belə, uzun müddət davam edən epidemiya halları hərdən-bir baş verəcək. Bu, həm də diqqətli münasibət, lazımi tədbirlərə riayət etmək və peyvəndlərdən istifadə etmək tələb edir", deyə Zeeb bildirib.

Gələcəkdə vəziyyətin necə olacağının bilinməməsi, qeyri-müəyyən olmasına baxmayaraq, əlbəttə ki, müəyyən qərarlar qəbul edilməlidir. Məsələn, yoluxma hallarının çoxalması, yoluxan insanların sayının yenidən artması fonunda müəyyən etmək lazımdır ki, hansı məhdudiyyətləri tətbiq etmək, yaxud da yüngülləşdirmək olar. Eyni zamanda belə halların baş verəcəyi təqdirdə hansı tədbirlər görülə biləcəyi də nəzərdən keçirilməli, tədbirlər haqqında əvvəlcədən düşünülməlidir. Bütün bunlar barədə təkcə elm adamları deyil, siyasətçilər, ictimaiyyət nümayəndələri belə düşünməlidirlər. Əvvəlcədən müvafiq variantlar nəzərdən keçirilməlidir və nəzərə alsaq ki, bütövlükdə dünyanın pandemiya ilə bağlı kifayət qədər təcrübəsi var, deməli, nəticələrə də ümid etməyə dəyər.

Əlbəttə ki, yanaşmalar yenə də fərqlidir. Məsələn, Moerse ağ ciyər xəstəliklərinin müalicəsi klinikasının baş həkimi Tomas Vosxaar “Deutschlandfunk”-a müsahibəsində koronavirusun omikron variantını pandemiyadan çıxış yolu adlandırıb və onun yayılmasının qarşısını almamağa çağırıb. O hesab edir ki, əhalinin yüz faizi omikronla təkrar xəstələnsəydi, bu, pandemiyanın sonu olardı. Eyni zamanda, Vosxaar bu vəziyyətdə Alman klinikalarında nələrin baş verəcəyi ilə bağlı narahatlığını da bölüşmür. "Reanimasiya palatalarının öz imkanları həddinə qədər işləyəcəyi barədə heç nə deyilmir. Biz adi palataların köməyi ilə öhdəsindən gələ bilərik. Axı omikron xəstəliyin ağır gedişatına səbəb olmur. Xəstələrin sayının artması isə daha çox olacaq. Ancaq bundan sonra irəliyə doğru böyük bir addım olar”, deyə sözügedən klinikanın baş həkimi Vosxaar bildirib.

Fərqli olaraq, “Berlin Charite”-dən olan virusoloq Kristian Drosten vəziyyəti başqa cür görür. O, əmindir ki, təbii immunizasiya doğru seçim deyil. Drosten deyir ki, pandemiyaya nəyin bahasına olur-olsun son qoyacağımız əsas, vacib məsələdir. O, qeyd edir ki, xüsusilə yaşlı insanların çox olduğu yerlərdə ölüm halları çoxalarsa, bu heç də gözlənilən olmaya bilər və əgər yaşlı insanların bir-birinin ardınca bu xəstəlik, bu virus səbəbindən həyatlarını itirdiklərini müşahidə etsək, bu, çox baha başa gələcək. Bir sözlə, virusoloq digərlərindən fərqli olaraq, təbii yolla immun sisteminin formalaşacağına ümid etməyə dəymədiyini deyir. O, bir növ həyəcan təbili çalır və bildirir ki, oturub gözləmək düzgün seçim deyil. Hər bir halda bütün dünyanın qarşısında pandemiya ilə bağlı vəziyyət hələki problem olaraq qaldığı günümüzün reallığıdır. Bəs görəsən nə etmək tələb olunur? Yaxud belə şəraitdə yaşamağa davam etməyə məhkumuqmu?

Dünya koronavirus şəraitində yaşamağı öyrənibmi?

Bəzi alimlər koronavirus şəraitində yaşamağın adi hala çevriləcəyini düşünürlər. Bir çoxları, pandemiyadan nəyin bahasına çıxa biləcəyimiz barədə mülahizələr yürüdürlər. Hər bir halda bunlar mülahizə olaraq qalmaqdadır. Hətta, koronavirus şəraitində yaşamağın cəmiyyətlə bağlılığı barədə düşündüklərini də gizlətmirlər. Məsələn, epidemioloq Krause hesab edir ki, bu, sırf tibbi məsələ deyil. Onun fikrincə bu, cəmiyyətdə anlayış və istəklə də bilavasitə bağlıdır.

Məsələ burasındadır ki, söhbət qripdən, respirator xəstəliklərdən gedirsə, o zaman cəmiyyət hər mövsüm baş verən itkilərə dözməyə alışıb. Sözügedən virus qriplə müqayisədə ona olduqca yaxındır. Çünki əvvəla biz, analoji olaraq bu virusu da məğlub edə bilmirik və hər zaman onun da bəzi yeni versiyaları, variantları ortaya çıxır. Etiraf da edək ki, biz bununla, qriplə, respirator xəstəliklərlə yaşamağı çoxdan öyrənmişik. Bu xəstəliyə yoluxan da yoxdur və sanki, adi hala çevrilib. O da bəllidir ki, peyvəndlərin köməyi ilə və ya xəstələnib sağalmaqla həmin o respirator xəstəliklərə qarşı da immunitet qazanırıq. Bir çox həkimlər və elm adamlarının fikrincə, koronavirus vəziyyətində də eyni şəkildə davranıla bilər. Məsələn, Ulrike Protzer deyir ki, əgər bir insan peyvənd olunarsa və sonra yoluxarsa, o zaman immunitet sistemi koronavirusun ortaya çıxan yeni variantı ilə yaxşı mübarizə apara bilər, lakin yüksək riskli insanlar üçün bu, 2022-ci ilin payızında yenidən peyvənd olunma ehtimalını istisna etmir. Onun sözlərinə görə, İsraildə müşahidə edilənlər təsdiq edir ki, oradakı bir çox insan artıq dördüncü peyvəndi belə qəbul edib.

Heç şübhəsiz ki, gələcəkdə nə olacağını bilmirik. Bununla yanaşı sözügedən virusun nə qədər təhlükəli olduğunu yaxşı bilirik. Bunun itgilərə səbəb olduğu barədə təcrübələrimiz də kifayət qədərdir. Bütün dünyanın bu virusla bağlı yetərincə məlumatı var və nə kimi ağır nəticələr verəcəyi də təxmin edilir. O da təxmin edilir ki, biz onunla uzun müddət yaşamalı ola bilərik. Amma biz koronavirusdan özümüzü daha yaxşı qorumaq və vəziyyətə uyğun reaksiya vermək üçün bir çox imkanlar, təcrübələr də qazanmışıq. Biz pandemiya şəraitində yaşamağa artıq öyrəncəliyik. Bir sözlə, nəinki virus mutasiyaya uğradığını və uyğunlaşa bildiyini təsdiqlədi, sanki biz insanlar da bununla yaşamağa uyğunlaşdığımızı göstərdik. Lakin bu o demək deyil ki, mübarizədən əl çəkməli, pandemiyaya saymazyana yanaşmalı, yaxud da qoruyucu vasitələrdən, normalardan və qaydalardan imtina etməliyik, əksinə, daha diqqətlə yanaşılmalı, məsuliyyət dərk edilməlidir. Hər bir insan sosial məsuliyyətini dərk edərək təkcə özünü deyil, ətrafını da qorumalıdır. Bir sözlə, cəmiyyət bütövlükdə mühafizə olunmalıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə