Böyrək sancısı və onun fəsadları...

Böyrək sancısı böyrəkdən sidik axınının kəskin pozulması zamanı baş verir. Belə halda böyrəyin kasa-ləyən sistemində təzyiqin artması nəticəsində reflektor olaraq böyrək damarlarının spazmı və venoz durğunluq baş verir ki, bu da öz növbəsində böyrək toxumasının ödeminə (şişməsinə), fibroz kapsulun dartılmasına və dözülməz ağrıların yaranmasına səbəb olur.

Sidik axarlarının keçiriliciyinin pozulmasının ən çox təsadüf olunan səbəbi böyrək daşı xəstəliyində daşın axara düşməsidir. Bundan başqa sidik axarı qan laxtası(böyrək şişində), irin, selik, kazeoz kütlə(böyrək vərəmi zamanı), çapıq və s. vasitəsilə də tutula bilər.

Əlamətləri: Ağrılar kəskin, birdən birə sakit vəziyyətdə və ya fiziki işdən, nəqliyyatla yol gəldikdən sonra baş verir.
Ağrı sağ və ya sol tərəfdə, bel və qabırğaaltı nahiyədə başlayır, tutmaşəkilli olur, adətən sidik axarı boyunca aşağıya – kiçik çanağa, cinsiyyət orqanlarına, buda irradiasiya edir(vurur). Bu zaman ən xarakterik simptom – xəstənin ağrıdan qışqırmağı, özünə yer tapa bilməməyi, qıvrılması, ağrının heç bir vəziyyətdə azalmamağıdır. Sancı adətən ürəkbulanma və qusma ilə, sidik ifrazının pozulması ilə (tez-tez və ağrılı sidik ifrazı) müşayiət olunur. Ağrı tez kəsə və ya kütləşə, sonra yenidən başlaya bilər. Bəzən böyrək sancısı bağırsaqların reflektor iflicinə səbəb olur ki, bu da özünü köpmə və qəbizlik ilə göstərir. Bəzən arterial təzyiq qalxır(xüsusilə də diastolik təzyiq).

Sidik axarında böyrək daşı ilişərkən sancıdan bir qədər sonra sidikdə qan görünə bilər(hematuriya). Böyrək şişi zamanı isə qan adətən sancıdan əvvəl görünür. Diaqnoz qoyularkən böyrək sancısını kəskin sancı törədən digər vəziyyətlərdən – kəskin qarın, kəskin apendisit, kəskin xolesistit, mədə xorasının deşilməsi və s.-dən fərqləndirmək lazımdır.

Həkiməqədər ilk yardım: Təcili yardım çağırılır. Ağrıyan nahiyəyə istiqac(qrelka) qoyulur, ayaqlara isti vanna etmək olar. (Lakin nəzərə almaq lazımdır ki, əgər bu böyrək sancısı deyilsə, digər hallarda bunu etmək qəti olmaz.)

İlk yardım: Tam diaqnoz ekskretor uroqrafiyadan sonra qoyulur. Xəstəyə ağrıkəsici – analgin 50% 1 ml və ya baralgin 5 ml əzələ daxilinə və ya vena daxilinə yavaş-yavaş yeridilir. Spazmolitiklər – noşpa(2%-li 2 ml), papaverin(2%-li 2 ml), platifillin(0.2 %-li 1ml) ə/d və tərkibində terpen və efir yağları olan sistenal, urolesan və s. 15-25 damcı qəndə damızdırılıb dil altına gün ərzində 1-3 dəfə verilir. Təsiri olmazsa qanqlioblokator- heksonium təyin olunur. Ağrıkəsicilər ağrını azaltmazsa promedol verilə bilər.

Yanaşı olaraq çoxlu maye qəbulu (2.5-3 l gün ərzində), sidikqovucu təsirli – qarpız, yemış, itburnu çayı, müxtəlif böyrək çaylarının qəbulu tövsiyə olunur.
Əgər daşın ölçüsü böyük olarsa, bu yolla qısa müddətə düşməzsə cərrahi üsulla çıxardılır.
Axar tutmuş maneə vaxtında aradan götürülməzsə hidronefroza və həmin böyrəyin tamamilə sıradan çıxmağına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə