Moskvada qeyri-infeksion xəstəliklərlə mübarizə müzakirə olunur

Aprelin 18-23-də Moskvada "Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası və onlarla mübarizə" mövzusunda ikinci təlim kursu keçirilir. Kurs Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəstəyilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu və ÜST-nin qeyri-infeksion xəstəliklərin profilaktikası, bu xəstəliklərlə mübarizədə siyasətin təşkili ilə bağlı mütəxəssis hazırlığı və təhsili üzrə mərkəzi tərəfindən təşkil olunub. SİA-nın məlumatına görə, kursun əsas aktuallığı "Avropada 2016-2025-ci illərdə QİX-in profilaktikası və bu xəstəliklərlə mübarizə üzrə Fəaliyyət Planı"nın qəbulu ərəfəsində keçirilməsindədir. QİX üzrə milli proqram rəhbərləri və mütəxəssislərinin, milli səviyyədə QİX-lə mübarizədə siyasətin təşkili ilə məşğul olan şəxslərin iştirakçısı olduğu kursda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) rəhbər şəxsləri təmsil ediblər.

Kursda milli resurslar əsasında QİX-in profilaktikası və QİX-ə nəzarət sahəsində davamlı proqramların hazırlanması və möhkəmləndirilməsi, risk amillərinin azaldılmasında inkişafa nail olunması məsələlərinə diqqət edilir. Həmçinin QİX-lə mübarizə sahəsində ölkə nümunələri əsasında təcrübə mübadiləsi aparılır, bu sahədə rast gəlinə biləcək maneələr və çətinliklər müzakirə edilir. QİX-lə mübarizədə kompleks yanaşmanın gücləndirilməsi məqsədilə gələcək addımlar müəyyən edilir və tövsiyələr dinlənilir. Kurs çərçivəsində iştirakçılar Rusiya Federasiyasının QİX-in profilaktikası və QİX-lə mübarizə sahəsində aparıcı elmi-araşdırma institutlarının nümayəndələri ilə görüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. ÜST-nin qeyri-infeksion xəstəliklərin profilaktikası və bu xəstəliklərlə mübarizə sahəsindəki strateji sənədlər əsasında hazırlanan kursun proqramı Avropa regionu ölkələrində QİX-in profilaktikası üzrə ölkə paketinin qəbuluna dəstəyə yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə