“Tibbi sığorta haqqında” qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib

Milli Məclis müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətin sadələşdirilməsi haqqında dəyişikliyi birinci oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.

Təklif olunan dəyişiklik layihəsinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Nazirlər Kabinetinin təsdiq etdiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilib. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulub və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.

Digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımı 2025-ci il yanvarın 1-dən başlamalıdır.

Dəyişikliyə əsasən, müştərək maliyyələşmə məbləği haqqında güzəştin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Qanun layihəsində həmçinin qeyd edilib ki, tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə