Problemli kreditlər: KİMDİR GÜNAHKAR? - İQTİSADÇI DANIŞDI

"Ödənilməyən problemli kreditlərdə həm bankın, həm də vətəndaşın günahı ola bilər və olur da. Son zamanlar banklar kredit verərkən daha ciddi indeqatorlarla işləməyə çalışırlar və problemli şəxslərə kredit verməkdən imtina edirlər. Amma məsələ burasındadır ki, kredit probleminin yaranmasının günahı təkcə kredit alan və kredit verənin üzərində deyil. Bəzən bu iki tərəfdən asılı olmayan səbəblərdən problemli kreditlər yarana bilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: "Hazırda möhtəkirlik məqsədilə kredit götürən əhalinin sayı kifayət qədər aşağıdır. Məsələn, bir nəfər kredit götürüb böyük bir yük maşını alır və bununla yükdaşımalar həyata keçirir. Günlərin birində bu maşını yol qəzasında, yaxud yanaraq yararsız hala salır. Sahibkar düşünürdü ki, bu maşını kreditə götürəcək və qazandığı pulun da bir hissəsini maşının kreditinə yönəldəcək. Bizim sığorta şirkətləri də sığortaladıqları əmlakın tam həcmini ödəmək istəmirlər. Əslində bu cür iş birliyində bank, sığorta şirkəti və iş adamı birlikdə problemi aradan qaldırmalıdır. Bizdə sığorta şirkətləri effektiv işləyə bilmir.

Məsələn, bir adam kredit götürür və 1 ay sonra dünyasını dəyişir. Əgər onun zamini yoxdursa, girov qoymayıbsa, yaxud girov aşağı qiymətləndirilibsə problemlər yaranır. Nüanslar çox ola bilər.

Əgər bir ölkədə kredit verilirsə, bu kreditlər problemdən tamamilə sığortalana bilməz. Amma ölkələr üzrə problemli kreditlərin faiz dərəcəsi bir çox göstəricilərdən asılıdır. Məsələn, əhalinin gəlirlilik səviyyəsindən problemli kreditlər çox asıldır. Yəni, hansı ölkədə əhalinin gəlir səviyyəsi aşağıdırsa, orada problemli kreditlər çox olur. Əhalinin gəliri yüksək olan ölkələrdə də probemli kreditlər az olur, ya da demək olar ki, olmur.

Bilirsiniz, bank kredit verərkən kreditin tam olaraq sığortalanasını təmin edə bilməz. Yəni, tam əmin ola bilməz ki, filankəs 10 il müddətində kredit götürdü və 10 ili tamam olan günü bu krediti bağlayacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə