Mədəkiçiltmə əməliyyatı sağlamlıqdır yoxsa fəsad? - HƏKİMLƏ MÜSAHİBƏ/VİDEO

Ümumi bariatrik cərrah Dr.Ruslan Ağayevin SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Ruslan həkim, son illər mədəkiçiltmə əməliyyatına üz tutanların sayı getdikcə artıb. Bu tendensiya nədən irəli gəlir?

- Piylənmə bütün dünyada qlobal problemdir, hətta bunu ən ağır xəstəliklərlə müqayisə edirlər. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən piylənmə yavaş gedişli ölüm də adlandırılır. Çünki piylənmə birdən-birə yaranmır. Belə ki, insanın yavaş-yavaş çəkisi artır, bu zaman insulin dirənci yüksəlir və iştah artır. Daha sonra isə onurğa sütunu, oynaq xəstəlikləri, qaraciyər piylənməsi də artmağa başlayır. Bir sözlə, zəncirvari şəkildə bütün orqanlar zədələnməyə başlayır, bir müddət sonra isə orqan çatışmazlığına səbəb olur. Həmçinin bir insanda 4-5 xəstəlik aşkar olunur ki, bu da piylənmənin ən böyük fəsadlarındandır. Qeyd etmək lazımdır ki, xərçəng xəstəliyini mədəkiçiltmə əməliyyatı deyil, məhz piylənmə yaradır. İllər ərzində müxtəlif araşdırmalar aparılmış və piylənmədən əziyyət çəkən qadınlarda süd vəzi, uşaqlıq boynu və yumurtalıq xərçəngi normalı çəkili qadınlarla müqayisədə daha çox aşkarlanmışdır.

- Mədəkiçiltmə əməliyyatına müraciət edənlər sağlamlıqlarını düşünürlər yoxsa bu artıq dəb halını alıb?

- Hər iki hal ilə qarşılaşırıq. Hazırda əksəriyyət halda daha çox qadınlar müraciət edirlər və müraciətin əsas səbəbi bir çox hallarda xarici görünüş olur. Lakin bütün dünyada da qəbul olunduğu kimi mədəkiçiltmə xarici görünüş üçün icra olunan əməliyyat deyil, burada əsas məqam sağlamlıqdır. Son dövrlərdə insanlar artıq maariflənirlər və məhz sağlamlığına görə, mədəkiçiltmə əməliyyatına üz tutanların da sayı çoxalmağa başlayıb. Lakin bəzi hallarda pasientlər çox gecikirlər və biz vaxtında onları əməliyyat edə bilmirik. Çünki insanın piylənmə nəticəsində o qədər yan xəstəlikləri olur ki, əməliyyat riskli olur.

- Ən yüksək çəkili pasinetinizin çəkisi nə qədər olub və əməliyyatdan sonra neçə kq arıqlayıb?

- 210-235 kq çəkili pasientlərimiz olub. 195 kq çəkiyə sahib pasientimiz əməliyyatdan sonra 115 kq çəki verərək, 80 kq-a düşmüşdür. Həmin pasient əməliyyatdan öncə 10 metr məsafəni yeriməkdə çətinlik çəkirdi. Çünki ayaqlarda ağrı yaranır, ürək döyüntüləri artır, ümumi bədən ağrıları çoxalırdı. Qeyd etdiyim kimi mədəkiçiltmə əməliyyatına xanımlar daha çox müraciət edir. Yəni, 10 xanım müraciət etdiyi halda, 3-4 kişi bu əməliyyata üz tutur. Kişilərdə metabolizma daha yaxşı işləyir və hərəkətlilik daha çox olur. Həmçinin kişilər testosteron hormonu sayəsində daha rahat çəki ata bilirlər. Genetik faktorlar və hormonal balansa görə qadınların çəki atması daha çətin olur. Eyni zamanda qadınlar kişilərlə müqayisədə çəki almağa daha meyilli olurlar. Xüsusilə də hamiləlik dönəmindən sonra çəkialma halları çoxalır və qadın hormonları sayəsində də çəki atmaq çətinləşir. Buna görə də istənilən halda qadınların mədəkiçiltmə əməliyyatına müraciəti daha çox olur.

- Mədəkiçiltmə əməliyyatı zamanı pasientin sürətlə çəki itirməsi nəyin hesabına baş verir?

- Əksər hallarda insanlar düşünür ki, mədə kiçildikdən sonra az yeyərək arıqlamaq mümkün olacaq. Mədəkiçiltmə əməliyyatının prinspi isə belə deyil, bu proses nəticəsində orqanizmdə daha mürəkkəb, köklü dəyişikliklər baş verir. Mədəkiçiltmə əməliyyatı zamanı mədənin müvafiq hissəsində aclığı, iştahı təmin edən “Ghrelin” hormonu qana ifraz edilir və bu zaman insanda aclıq hissi yaranır. Mədəkiçiltmə əməliyyatı zamanı isə mədənin fundal hissəsi çıxarılır və sözügedən hormonun qana ifrazı azalır və buna görə də pasientin yemək istəyi azalır. Əməliyyatdan sonra mədə yeni doğulmuş körpənin mədəsi ilə eyni olur, buna görə qidalanmada ona uyğun yenidən formalaşdırılır. Mədəkiçiltmə əməliyyatından sonra pasientlərin iştahı olmur, amma təyin edilmiş saatlarda qida qəbulu məcburi olaraq həyata keçirilməlidir.

- Əməliyyatdan nə qədər müddət sonra pasient tam olaraq həyata uyğunlaşır?

- Əməliyyatı müddəti və əməliyyatdan sonrakı bərpa dönəmi olur. Əməliyyat müddəti birbaşa cərrahın əməliyyat vərdişlərindən asılıdır. Məsələn, mən bu əməliyyatı icra etməyə başladığım ilk zamanlarda əməliyyat müddəti 2-3 saata qədər davam edirdi. Hazırda isə əməliyyat müddəti 30-45 dəqiqə davam edir. Pasientin xəstəxanada qalma müddəti isə 2-3 sutka olur. Həmin dövrdə pasient nəzarətimizdə olur. Xəstənin bərpa dövrü isə əməliyyatdan sonrakı 5-7 gün ərzində formalaşır. Bundan sonra əgər pasient fiziki olaraq ağır yük qaldırmırsa, fiziki aktiv iş görmürsə 5-7 gündən sonra iş şəraitinə də qayıda bilər. Pasientin normal qidalanma dövrünə qayıtmaq müddəti isə 2-3 ay çəkir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə