Ailədaxili cinayətlərin qarşısının alınması üçün hansı tədbirlər görülür? - DİN RƏSMİSİ DANIŞDI

Son zamanlar ailədaxili münaqişələr getdikcə artmaqdadır. Hətta ailədaxili cinayətlərin baş verdiyinin də şahidi oluruq. Bəs, bu cür hallara qarşı Daxili İşlər Nazirliyi tərəfindən hansı tədbirlər görülür? Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev SİA-nın sorğusuna cavab olaraq bildirib ki, ailə-məişət zəminində daxil olan müraciətlərin xarakterikdən asılı olaraq, vəziyyətin obyektiv qiymətləndirilməsində, sorğu və ekspertizaların təyinatında hüquq qaydası əsas götürülür.

Elşad Hacıyev qeyd edib ki, cinayətkarlığın indeksiyasiyasında ailə-məişət məsələləri ilə bağlı xüsusi artım, təhlükəli tendensiya müşahidə edilmir: "Bu sahədə ictimai münasibətlərin tənzimlənməsində, cinayət, yaxud inzibati hüquqla bağlı aparılan icraat işləri diqqətdə saxlanılır. Daxil olan bütün müraciətlər dərhal yoxlanılmaqla müvafiq tədbirlər görülür".

"Məişət zorakılığına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə müvafiq dövlət qurumları ilə qarşılıqlı iş aparılır. Xüsusilə risk qrupuna daxil olan ailələrin – başqa sözlə, qadınların və uşaqların profilaktik uçotu səmərəli nəticə verir. Profilaktik uçotda olan hər hansı ailədə xoşagəlməz vəziyyət müşahidə edilməyib, çünki polis orqanları həmin şəxslərlə bağlı gündəlik işi nəzarətdə saxlayır" - deyə Elşad Hacıyev bildirib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə