Qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxslər aşkar edilib

Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdam, Ağcabədi və Siyəzən rayonlarının ərazisində qanunsuz qum-çınqıl hasilatı faktları ilə bağlı araşdırmalar aparılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Ağdam rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Elman Nəcəfova ayrılmış ərazidən kənarda, Ağcabədi rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əliş Əhmədova ayrılmış ərazidən kənarda, Siyəzən rayonu ərazisində “Gilgilçay” qum-çınqıl yatağında hüquqi şəxs - “Rivaes” MMC-nə ayrılmış ərazidən kənarda qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılmasının faktları aşkar edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...