Dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib - FOTO

4 avqust 2022-ci il tarixində saat 17:45-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub.

Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib.

Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə