Prokuror bir neçə nəfərə dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. SİA xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Məhkəmənin növbəti iclası mayın 27-nə təyin edilib.

Xatırladaq ki, F.Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəyi barədə vəd verib.

Həmçinin F.Sadıxlı digər zərərçəkmiş Tahir Hüseynovu da eyni üsulla aldadaraq ondan 100 min manat pul alıb.

Daha sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan F.Sadıxlının barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə