Partlayış baş verən restoranda son vəziyyət - FOTOREPORTAJ

Partlayış baş verən restoranda son vəziyyət - FOTOREPORTAJ

Bildiyimiz kimi dünən gecə saat 03:00 radələrində Bakı şəhəri Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verib.

Ötən gecə saat 3-də gecə klubunda baş vermiş partlayışın səbəbləri yavaş-yavaş üzə çıxmaqdadır. Hazırda cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq tədbirləri davam etdirilir.

Baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabildir. Xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar.

Səs İnformasiya Agentliyi əməkdaşları hadisə yerində olublar.

Hazırda partlayış baş verən obyektdə təmizlik işləri aparılır. Ətrafdakı restoran sahiblərinin dediklərinə görə, gecə klubunda baş verən güclü partlayış propan qaz balonunun partlaması səbəbi ilə olub.

Partlayış həmçinin gecə klubunun yanındakı “Büyükfırat” adlı restorana da ziyan vurub. Zərərçəkmiş restoranın məsul şəxsi Emil Abbasovun dediklərinə görə, restoranın divarı tamamilə dağılıb: “Partlayış zamanı xoşbəxtlikdən restoranda heç kəs olmayıb. Restoranın qapısı partlayış səbəbindən yerindən çıxıb. Restorana ciddi şəkildə maddi ziyan dəyib”.

“Özsüt” restoranının əməkdaşı Fuad Sadəddinov: “Partlayış zamanı bizim restoranımıza heç bir ziyan dəyməyib. Həmin vaxt burada heç kim yox idi. Demək olar ki, həmin saatlarda 1-2 restoran fəaliyyət göstərirdi. Eşitdiyimizə görə, partlayış çox dəhşətli olub. İnsanlar ciddi şəkildə yaralanıblar. Düşünürəm ki, restoran yenidən öz fəaliyyətini bərpa edəcək”.

Həmin ərazidə yerləşən marketin əməkdaşı Ramazan Əhmədovun dediklərinə görə, mağazaya heç bir ziyan dəyməyib: “Biz səhər tezdən mağazanı açanda hadisədən xəbərdar olduq. Çox şükür ki, mağazaya heç bir ziyan dəyməyib. Lakin partlayış baş verən obyekti maddi cəhətdən böyük ziyan dəyib”.

SƏS İnformasiya Agentliyi məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Şəhər sakini Qeyis Hüseynov: “Eşidəndə dəhşətə gəldim. Çox böyük partlayış baş verib. Nə qədər insan yaralanıb. Mən gecə klublarının fəaliyyətini qınamıram. Çünki hər kəs fərqli şəkildə pul qazanmağa çalışır. Hadisə baş verəcəksə, əgər, bunun saat fərqi yoxdur. Yəni bu hadisə gecə 3-də yox, gündüz 3-də də baş verə bilərdi. Bu səbəbdən kluba gedənləri təhqir edənləri qınayıram. Bu, düzgün deyil. Orada insanlar can verir. Allah yaralılara şəfa versin”.

Şəhər sakini Arzu Sadıqova: “Partlayışdan yeni xəbərim olub. Allahdan yaralılara şəfa diləyirəm və ölənlərin ailələrinə səbr versin. Amma ki, mən gecə klublarının fəaliyyətinə yaxşı baxmıram. Onların valideynlərinin hazırda başı aşağıdır. Çünki çoxunun heç qızının və ya oğlunun kluba getdiyindən xəbəri yoxdur”.

Şəhər sakini Aydın Qurbanov: “Çox dəhşətli bir partlayışdır. Allah ailələrinə səbr versin. Sosial şəbəkələrdən gördüyümə görə, ağır şəkildə yaralananlar var. Partlayışın qazdan qaynaqlandığını deyirlər. Partlayış o qədər güclü olub ki, ətrafdakı maşınlara və obyektlərə ziyan dəyib. Düşünürəm ki, bu hadisədən restoran, kafe sahibləri dərs götürərək daha ehtiyatlı olarlar”.

Şəhər sakini İlhamə Əyyubova: “Ümumiyyətlə, gecə klublarının fəaliyyətinə heç yaxşı baxmıram. Gecə vaxtı kluba getmək mənim üçün normal anlayış deyil. Partlayış zamanı yaralanların ailəsi indi bilmirlər ki, uşaqlarına, yaxınlarına pis olsunlar, yoxsa kluba getməklərinə. Düşünürəm ki, gecə klublarının fəaliyyətinin heç bir müsbət tərəfi yoxdur, əksinə cəmiyyətimizə ciddi şəkildə mənfi təsir edir”.

Şəhər sakini Elton Mehdiyev: “Mən dünən partlayış baş verən obyektin qarşısından keçəndə hadisədən xəbərdar oldum. Qıraqdakı insanların danışıqlarından eşitdiyimə görə, hadisə deyəsən qaz balonunun partlaması nəticəsində baş verib. Düşünürəm ki, bu obyekt sahibinin səhlənkarlığıdır. Partlayış çox böyük olub. Fəsatları da çox böyükdür. Yaralananlar da çox ciddi şəkildə yaralanıblar”.

Şəhər sakini Almarə Həsənova: “Söz tapa bilmirəm. Çox dəhşətli bir hadisədir. Partlayışın fəsadları çox böyük olur. Eşitdiyimə görə də, yaralılar ağır şəkildə yanıblar. Allah ailələrinə səbr versin”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə