Bakıda narkotik qəbul edən taksi sürücüsü saxlanılıb FOTO

Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb

Araşdırma zamanı həmin şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib

SİA xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Səbuhi Quliyevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Araşdırma zamanı həmçinin həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə