DSX-nin hospitalında baş vermiş intihar faktı ilə bağlı cinayət işi başlanıb - PROKURORLUQ

Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin hərbi qulluqçusunun intihar etməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, yanvarın 22-də DSX Sahil Mühafizəsinin 2021-ci ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlərlə əlaqədar müayinədən keçmək üçün DSX-nin hərbi hospitalına gətirilib.

Hərbi qulluqçu saat 11 radələrində tibbi müayinələrdən yayınaraq hərbi hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...