Ötən il 12 min 761 cinayət hadisəsi qeydə alınıb

Ötən il paytaxtın daxili işlər və prokurorluq orqanları tərəfindən 12 min 761 cinayət hadisəsi qeydə alınıb. Bu, ötən illə müqayisədə 2252 hadisə (21,4 faiz) çoxdur. SİA xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Müşavirədə bildirilib ki, ötən il Bakı şəhərinin daxili işlər və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayında artım müşahidə olunur. Belə ki, il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1 faiz artaraq 2792 olub. Az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3 faiz artaraq 7608 hadisə, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə (62,9 faiz) artaraq 2361 hadisə olub. Paytaxtın daxili işlər və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86,3 faiz olub. Bu da ötən illə müqayisədə 5,4 faiz çoxdur.

Paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adamöldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adamöldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb. Qəsdən adamöldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə