Mal-qara oğruları saxlanılıb FOTO

Abşeron, Salyan və Kürdəmir rayonlarında 50-dən artıq xırdabuynuzlu heyvan oğurlayan 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron rayonu Qobustan kənd sakini olan bir nəfər Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək ötən ilin dekabr ayının 30-da evinin həyətindəki tövlədən ona məxsus 23 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Məlumat daxil olan kimi oğurluq edən şəxslərin axtarışlarına başlanılıb. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar. Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər.

Bu şəxslərin ətrafında Qobu Polis Bölməsində əlavə araşdırma aparılan zaman onların bir müddət əvvəl Kürdəmir və Salyan rayonlarında ümumilikdə 30-dan artıq xırdabuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Vüsal Şıxalıyev və Babək Bəyalıyev əvvəllər də xırda və iribuynuzlu heyvan oğurluğu ilə məşğul olduqları üçün məhkum ediliblər.

Aşkar edilən faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...