Rusiyada şaxtada ölənlərin sayı artır

Rusiyada kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 14-ə çatıb

Rusiyanın Kemerovo vilayətində kömür mədənində güclü yanğın baş verib. Hadisə nəticəsində üçü xilasedici olmaqla 14 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, yanğına kömür tozunun alışması səbəb olub. Yanğın 250 metr dərinlikdə başlayıb, ardınca tüstü ventilyasiya vasitəsilə bütün mədənə yayılıb. Fövqəladə hallar nazirliyinin verdiyi məlumata əsasən, hadisə baş verən zaman orada 285 nəfər olub, onlardan 239-u təxliyə olunub. 30 nəfərin taleyi məlum deyil. Mədəndə qalan işçilərin çıxarılması üçün xilasetmə əməliyyatı davam etdirilir.

***

13.33

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı artır.

SİA-nın məlumatına görə, xilasetmə xidmətindən bildirilib ki, ölənlərin sayı 11-ə çatıb.

***

12.30

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada ölənlərin sayı artıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, baş vermiş tüstülənmə nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

***

saat 12:06

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada 6 nəfər ölüb.

SİA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

***

saat 10:40

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində şaxtada bu gün səhər saatlarında tüstülənmə olub.

SİA APA-ya istinadən xəbər verir ki, region hökuməti administrasiyasından bildirilib ki, “Listvyajnaya” şaxtasında baş vermiş hadisə zamanı bir şaxtaçı ölüb, 43 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Prokurorluqdan bildirilib ki, hazırda xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb. Təxliyə davam edir.

Hadisə yerinə sanitar vertolyotu ilə həkim briqadası göndərilib.

Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...