Dolu və yağış 5 evi dağıdıb

Misirin cənubundakı Asvan şəhəri şənbə günü yağıntıların zərbəsi altında olub, bu enliklərdə son dərəcə nadir olan güclü yağış və dolu şəhərə düşüb, nəticədə beş ev dağılıb. SİA xəbər verir ki, bu barədə “Səda əl-Balad” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Asvanda şənbə günü gecə saatlarında leysan və dolu başlayıb, şəhərdə ildırım gurultusu eşidilib. Dolu şəklində yağıntı 20 dəqiqə davam edib. Eyni zamanda, gecə saatlarında şəhərdə havanın temperaturu 20 dərəcədən aşağı düşməyib.

Səlahiyyətlilər Nil çayında nəqliyyatın dayandırılmasını və magistral yolların bağlanmasını əmr edərək, vətəndaşları evdə qalmağa çağırıb.

Yağışdan əlavə, gözlənilən qum fırtınası səbəbindən şəhərdə görmə imkanları belə pisləşib.

Asvan və ona yaxın kəndlərdə əsasən gildən tikilmiş 5 ev uçub.

Xatırladaq ki, meteoroloqlar oxşar hadisələrin qonşu Luksor və Qırmızı dəniz əyalətlərində də gözlənildiyi barədə xəbərdarlıq edirlər. Belə ki, peyk görüntülərinə görə, hazırda qasırğa küləyi ilə müşayiət olunan Safaqa və Hurqada kurortlarının üzərində tufan buludları var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə