Sabiq bələdiyyə sədri həbs edilib

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. SİA-nın əldə etdiyi məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini və YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

Aytac Əliyevanın həbsinin təfərrüatları məlum olub. Belə ki, o, 2020-2021-ci illərdə bacısı İlknur Turkutla əlbir olaraq külli miqdarda dələduzluq edib. A.Əliyeva bacısı ilə birlikdə qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğiul olmaq adı ilə vətəndaşları aldadaraq bir vətəndaşın 200 min manatını, digər vətəndaşın isə 189 min manatını dələduzluq yolu ilə mənimsəyib.

Bununla yanaşı, Aytac Əliyeva vətəndaşı aldadaraq ona Binəqədi bələdiyyəsi adından torpaq ayrılmasına dair saxta sənəd hazırlayaraq satıb.

Faktla bağlı daxil olan məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanıb, Aytac Əliyevaya Cinayət Məcəlləsinin 178.2.3-cu və 320.1-ci, bacısı barədə isə Cinayət Məcəlləsinin 178.2.3-cü maddələri ilə ittiham irəli sürülərək barələrində həbs-qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintasq davam etdirilir, onların vətəndaşların külli miqdarda vəsaitlərini ələ keçirmələri ilə bağlı şikayətlər daxil olmaqdadır.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə