Səbail Rayon Polis İdarəsinə müraciət edən vətəndaşlardan biri şikayət edərək bildirib ki, instaqram sosial şəbəkəsində leykoz xəstəliyindən əziyyət çəkən qızının şəkilləri tanımadığı insanlar tərəfindən paylaşılaraq onların adından şəbəkə istifadəçilərindən pul istənilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyənləşib ki, həmin səhifə Gəncə şəhərində yaşayan Rafiq Cəfərov tərəfindən yaradılıb və idarə edilir.
Saxlanılaraq idarəyə gətirilən həmin şəxs instaqram sosial şəbəkəsində “firuzeye_destek_olaq” adlı səhifə yaratdığını etiraf edib.
https://www.youtube.com/watch?v=16juum9Lh8I
Araşdırma zamanı müəyyən olunub ki, R.Cəfərov səhifədə tibbi yardıma ehtiyacı olan şəxsə kömək edilməsi ilə bağlı elan və şəkil yerləşdirərək izləyicilərdən pul toplayıb. Saxlanılan şəxs yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. R.Cəfərovun yaşadığı mənzilə baxış keçirilən zamanı iş üzrə əhəmiyyət kəsb edən elektron məlumatlar və digər məlumat daşıyıcıları aşkarlanaraq götürülüb.
Qeyd olunan faktın hərtərəfli araşdırılması Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB