Leysan Balakən və Zaqatalada fəsadlar törədib

Leysan yağışlar Balakən və Zaqatalada bir sıra fəsadlar törədib.

SİA-nın əldə etdiyi məlumata görə, sentyabrın 22-də axşam saat 23.00 radələrindən başlayaraq ölkənin şimal-qərb rayonları Balakən və Zaqatalada qeyri-sabit hava şəraiti hökm sürüb, küləklə müşahidə olunan leysan yağışları yağıb.

Leysan yağışlar nəticəsində Balakən və Zaqatala rayonları ərazisindən axan çaylarda suyun səviyyəsi qalxıb, çaylardan qısamüddətli sel keçib. Çayların məcrasından çıxması səbəbindən sözügedən rayonların bir sıra kəndlərində həyətyanı sahələrə, evlərin zirzəmilərinə və əkin sahələrinə sel suları dolub. Leysan yağışları nəticəsində gecə saatlarından Balakən və Zaqatala rayonlarına elektrik enerjisinin verilməsində fasilə yaranıb. Hazırda rayonların müvafiq qrumları leysan yağışların yaratdığı fəsadları araşdırmaq və aradan qaldırmaq istiqamətində işlər aparır

Bölgədə yağışlı və qeyri-sabit hava şəraiti davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...