Gömrükçülər ölkəyə psixotrop maddə idxalının qarşısını alıblar

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Qazaxıstana "tekstil" yükü aparan "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanııb və sürücü şifahi sorğu-sual olunub. Bu barədə SİA-ya DGK-dan məlumat verilib.

Məlumata görə, sorğu-sual zamanı sürücü üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı isə onun üzərindəki gödəkçənin içəri cibindən kağız dəsmalda, şüşə boru və selofan kəsiyinə bükülmüş halda, xalis çəkisi 0,675 qram təşkil edən psixotrop maddə-metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə