Ermənistanda yol qəzası PAŞİNYANIN MAŞINI İKİ ADAM VURUB

Paşinyanın avtomobil kortejinin maşınlarından birinin iştirakı ilə baş verən qəza nəticəsində iki vətəndaş xəstəxanaya aparılıb. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, Nikol Paşinyanın kortej avtomobillərindən birinin səbəb olduğu qəzanın iki qurbanı 1 saylı Heratsi Universiteti Klinikasına aparılıb və bu barədə tibb mərkəzinin mətbuat katibi Şuşan Danielyan məlumat verib.
O, vətəndaşların hazırda tibbi müayinədən keçdiyini, əlavə məlumatların bir az sonra veriləcəyini söyləyib.
Xatırladaq ki, bu gün İrəvanın mərkəzində, Ermənistan Xarici İşlər Nazirliyinin binasının yaxınlığında, Nikol Paşinyanın kortejinin maşınlarından birinin iştirakı ilə böyük bir qəza baş verib, Paşinyanın təhlükəsizlik xidmətindən olan yol kənarındakı nəqliyyat vasitəsi ilə "Mercedes" minik avtomobili və qida çatdırılması xidməti motosikli toqquşub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə