Sumqayıtda bədbəxt hadisə zamanı zərər çəkən gənc Bakıya gətirilib

Sumqayıt şəhər 22-ci məhəllədə yerləşən yataqxanada güclü partlayış baş verib. Mənzillərin birində qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.

Bu barədə SİA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.

Ağır yanıq xəsarətləri alan Emral Xasıyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal 5 saylı Bakı şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə göndərilib. Zərərçəkmiş Ülviyyə Xasıyeva deyir ki, bədbəxt hadisə baş verən an oğlu hamamda olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, 2 saylı yataqxananın birinci mərtəbəsində yalnız bir hamam var. Partlayış o qədər güclü olub ki, hamama bitişik digər otağın da divarı dağılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə