Kafeyə gedən koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, paytaxt sakini Cavad Abdullayevə sosial izolyasiya qaydalarına əməl edərək evdə oturmaq barədə xəbərdarlıq edilməsinə baxmayaq o, bu tələbə əməl etməyib. İctimaiyyət arasına çıxaraq xəstəliyin yayılmasına şərait yaradan bu şəxsin paytaxt ərazisində kafelərdən birinə getdiyi də kameralar vasitəsi ilə müəyyənləşdirilib. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb. C.Abdullayev barəsinə 37-ci Polis Şöbəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini tələb edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...