“Hirsli cayıl” 3 milyon rubl ziyana düşüb

“Hirsli cayıl” 3 milyon rubl ziyana düşüb

Rusiyanın Surqut şəhərində bir nəfər qısqanclıq zəminində dörd avtomobili yandırıb. SİA bu barədə Rusiya Daxili İşlər Nazirliyinin KİV-lərinə istinadən məlumat verir.

Qeyd edilir ki, şübhəli şəhərin Privoqzalnaya küçəsindəki yaşayış binasının yaxınlığında iki avtomobili yandırıb. Ancaq alov yaxınlıqdakı daha iki xarici avtomobili də ağuşuna alıb. Yanğın nəticəsində üç avtomobil tamamilə yanıb. Dördüncü avtomobil yansa da, amma onun bahalı təmirə ehtiyacı var. Deyilənə görə, gəncin vurduğu ümumi zərər 3 milyon rublu keçib.

Maraqlıdır ki, həbs edilən gənc etirafda bulunub. Onun dediyinə görə, ondan ayrılan sevgilisi onun dostuna gedib. Bundan “əsəbləşən” gənc də, sevgilisinin getdiyi dostundan intiqam almaq məqsədilə onun bahalı avtomobilinə od vurub. Bu da dediyimiz kimi, ona baha başa gəlib.

Hazırda qısqanc gəncə qarşı “Qəsdən məhv etmə və ya əmlaka ziyan vurma” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Saxalində yerli sakinlərdən biri yanacaqdoldurma məntəqəsini yandırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə