Yol terroru koronavirusla "yarışır" 3 ayda 125 ölü, 370 yaralı

Yol terroru koronavirusla "yarışır"  3 ayda 125 ölü, 370 yaralı

2021-ci ilin 3 ayı ərzində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 376 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu qəzalarda 125 nəfər ölüb, 370 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 45 (-10,7 faiz) fakt, ölənlərin sayı 56 (-30,9 faiz) nəfər, yaralananların sayı isə 8 (-2,1 faiz) nəfər azalıb.

Aparılmış təhlillər göstərir ki, 365 (97 faiz) yol-nəqliyyat hadisəsi məhz sürücülər tərəfindən (piyadalar tərəfindən 9 - 2,4 faiz) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. Bu qayda pozuntularının 43,2 faizi, yəni 158-i sürücülər tərəfindən nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 29,8 faizi isə, yəni 109-u qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub.

Yol-nəqliyyat hadisələrin növləri içərisində piyadanı vurmaq (142 - 37,7 faiz, 49 ölü, 99 yaralı) və toqquşma (136 - 36,1 faiz, 35 ölü, 179 yaralı) yenə də üstünlük təşkil edir.

Həlak olan 125 nəfərdən (qadınlar 20 nəfər, 7-16 yaş 7 nəfər) 50-si piyada, 42-si sürücü, 29-u sərnişin, 3-ü isə velosipedçi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə