Quldur idmançılar həbs edilib

Ukraynanın Lvov şəhərində əksəriyyəti idmançı olan mütəşəkkil dəstə həbs edilib. Onlar quldurluq və valyuta əməliyyatları ilə məşğul olurmuşlar.

SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, Ukrayna Milli Polisinin mətbuat xidmətindən verilən məlumata görə, mütəşəkkil cinayətkar qrupa kikboksinq üzrə dünya çempionu olmuş bir şəxs başçılıq edirmiş. Qrup 2015-ci ildən soyğunçuluqla məşğul imiş. Belə ki, 45 yaşlı keçmiş idmançının başçılıq etdiyi qrup üzvləri valyuta mübadiləsi planlaşdıran qurbanlarını diqqətlə izləyib və sonradan onların bütün pullarını əllərindən alırmışlar.

Quldurlar oğurladıqları vəsaiti bahalı maşınlara və elit sanatoriyalarda istirahət etməyə xərcləyirmişlər.

Qeyd edək ki, axtarılan quldur idmançıların bir qismi elə Dominikan Respublikasından -istirahətdən qayıdarkən Kiyev hava limanında saxlanılıblar. Onların mənzillərində aparılan axtarış zamanı oğurluqla əldə edilən xeyli vəsait əldə edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə