Paytaxtda qarətlə və maşın oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Paytaxtda qarətlə və maşın oğurluğu ilə məşğul olan dəstə yaxalanıb

Mayın 19-na keçən gecə R.Məmmədov küçəsi 12-nin qarşısından Azər Qədimbəyliyə məxsus "VAZ-21063" markalı avtomaşın qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nikolay Stepanov və Sergey Taranov avtomaşınla birlikdə Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən yaxalanıblar.

Araşdırma nəticəsində müəyyən edilib ki, N.Stepanov və S.Taranov Bakı şəhər sakinləri Vaqif Məmmədov və Sahib Məmmədovla birlikdə mart, aprel və may aylarında Hövsan qəsəbəsində Rişad Mirzəyevə məxsus "Tir" köşkündən, Rabəli Rəhimova və Vitali Musayevə məxsus mağazalardan tir tapançası, tir tüfəngi, qızıl-zinət əşyaları, pul və ərzaq məhsulları, Səidə Orucovaya məxsus aptekdən 302 manat oğurlayıblar. Eyni zamanda, 91, 103 saylı poçtlara və 103 saylı MKİS-də yerləşən seyflərdən külli miqdarda pul və digər əşyaları qarət ediblər.

Daha sonra Hövsan qəsəbəsi F.Bayramov küçəsində yaşayan Elşad Rəhimova məxsus "VAZ-2106" avtomobilin dövlət nömrə nişanını oğurlamış, qəsəbə sakini Məhərrəm Babayev, Cəlal Əliyev məxsus "VAZ-2106" və Arif Baləhmədova məxsus "VAZ-21099" markalı avtomobilləri qaçırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə